COP29

“Turan”ı “Xəzər Lənkəran” və “Bakı”nın taleyi gözləyir - FOTOLAR

15 Oktyabr 14:40 Turan 4 042
“Turan”ı “Xəzər Lənkəran” və “Bakı”nın taleyi gözləyir - FOTOLAR

«Turan Tovuz» rəhbərliyi bugünlərdə sosial şəbəkə hesablarından açıqlama yayaraq, Bakının Kürdəxanı qəsəbəsi ərazisində yeni bazanın tikilməsinə dair məlumat verilib.

Klub başbilənləri rayonun özündə deyil, paytaxt ərazisində belə bir layihəyə start vermələrinin səbəblərini izah etməyə çalışıb.

Açıqlamada müxtəlif məqamların üzərində dayanılır (https://www.sportinfo.az/idman_xeberleri/turan/205637.html).

Lakin bu «bəraətnamə», gözlənildiyi kimi, tovuzlu futbolsevərlərin Ehtiram Quliyevə hiddətini azaltmayıb.

«Turan Tovuz»un «feysbuk» hesabında bəyanatın altında yazılan şərhlər klubun İdarə Heyətinin sədri üçün siqnal olmalıdır. Rəylərdən görünür ki, yerli publika iş adamının qərarını dəstəkləmir.

Quliyevə qarşı narazılıq o qədər böyükdür ki, hətta fanatlar «Turan»ın birdəfəlik Tovuzdan uzaqlaşacağını, tədricən dağılacağını, «Bakı» və «Xəzər Lənkəran»ın taleyini yaşayacağını proqnozlaşdırır.

Onların fikrincə, tikinti maqnatı klubu səhv yolla aparır və bu, gec-tez öz fəsadlarını göstərəcək.

Yazılan rəylər bizdə hansı qənaəti formalaşdırır? Açıq deyirik ki, pis.

Ehtiram Quliyev bundan sonra Tovuzdakı stadiona əl-qolunu yelləyərək, daxil ola bilməyəcək. Komanda Premyer Liqada 1-2 oyunu uduzsa, tribunalar ayağı qalxacaq, sədri istefaya səsləyəcək, əleyhinə çoxsaylı təzahüratlar yapılacaq.

İş adamı gərək indidən buna hazır olsun.

Kürdəxanı qəsəbəsində yerləşən ərazi 5 hektardan artıqdır. İş adamı burada klub üçün baza tikməyə vəsait ayırıb.

Artıq işlərə start verilib. Tikinti briqadası günün 24 saatı ərazidə fəaliyyət göstərir.

Üç növbəli iş rejimi tətbiq olunub. Plana görə, baza 3 böyük meydança salınacaq.

İkisi təbii, biri süni qazonun salınması nəzərdə tutulub. İlkin mərhələdə əsas meydança təhvil veriləcək.

Bunun da noyabrın sonu, dekabrın əvvəlinədək başa çatdırılması nəzərdə tutulub.

“Turan» 2 ilə yaxındır ki, faktiki Bakıda məskunlaşıb. Qərb təmsilçisi yalnız oyundan-oyuna doğma rayona qayıdır.

Komanda paytaxtdakı otellərdən birində yerləşdirilib.

Ehtiram Quliyevin Kürdəxanıda baza tikməyə başlamasının iki səbəbi var, biri Bakıda əlavə xərclərdən xilas olmaqdır. Həm otel və qida, həm də meydança tapmaq böyük pul aparır.

Şəhərdə 1 günlük məşq 600-800 manata başa gəlir. Qeyd etdiyimiz digər məsrəfləri də hesaba qatsaq, Bakıda 1 gün qalmaq Quliyevi 7000-8000 manat «tərlədir».

Hazırda tikintisi davam edən baza iş adamının biznes maraqlarına da xidmət göstərəcək. Hansı klub istəsə, gəlib burada məşq keçə biləcək.

Təbii ki, quru «sağ ol»a yox. Puluna minnət!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti