COP29

“Turan” rəhbərliyi bunu kimdən və niyə gizlədir? - ŞÜBHƏLİ MƏQAMLAR

17 Oktyabr 21:00 Turan 514
“Turan” rəhbərliyi bunu kimdən və niyə gizlədir? - ŞÜBHƏLİ MƏQAMLAR

"Turan Tovuz" Bakıda yeni bazasının tikintisini davam etdirir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub: "Kürdəxanı layihəmizdə işlər sürətlə davam edir. Plana uyğun olaraq meydançaların dekabr ayının sonlarınadək komandalarımızın ixtiyarına verilməsi nəzərdə tutulub".

“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev yeni bazanın tikilməsindən sonra komandanın Bakı səfərləri zamanı öz bazasında məskunlaşacağını bildirib.

Klub rəsmisinin açıqlaması, Kürdəxanıda tikilən bazadan videosujetin hazırlanması "Turan" azarkeşlərini ayağa qaldırıb.

Tərəfdarlar bu gedişatın sonunda komandanın gələcəkdə Bakıda məskunlaşacağından narahatdır.

Azarkeşlərin təzyiqi klubun bəyanat yayması ilə nəticələndi.

Mətbuat xidmətinin açıqlamasında növbəti dəfə Tovuzda yeni bazanın tikintisinə hazırlıqların davam etməsi xüsusi vurğulanıb.

Azalır bir ildi bölgə klubu yeni ərazi aldığını və orada yeni bazanın tikiləcəyini tirajlayır. Bəzən işlərin başlaması barədə də informasiyalar alırıq. Amma arxada qalan uzun zaman kəsiyində haqqında bəhs edilən həmin ərazidən nə bir foto, nə bir video qarşımıza çıxmayıb.

Əslində azarkeşləri narahat edən əsas məqam da budur.

Kürdəxanıda qısa müddətdə meydan salınır, baza tikilir və işin gedişini özündə əks etdirən yüksək səviyyədə təqdimatı hamı izləyir.

Lakin Tovuzda yeni bazanın salınacağı ərazidə heç bir irəliləyiş yoxdur.

Sanki klub rəhbərliyi zaman qazanır. Dildə deyilir, amma əməldə təqdim olunan nəsə yoxdur.

Deməli, Kürdəxanıda bazanın olması problem deyil. Klub səfər oyunlarında orada məskunlaşmasının nəyi pisdir?

Bəs Tovuzdakı baza? Əsas sual budur. Fanatları narahat edən. Oradan niyə xəbər-ətər yoxdur? Əgər gələcək planda Tovuzda qalmaq varsa, paralel olaraq orada niyə sürətli iş aparılmır? Bəlkə, orada ümimiyyətlə iş getmir?

Yox, gedirsə Kürdəxanı layihəsi kimi Tovuz layihəsi niyə ictimaiyyətə göstərilmir?

Ümid edək ki, qarşıdakı günlər klub Kürdəxanı layihəsi kimi, Tovuz layihəsi barədə də videosujet yayımlayaraq azarkeşlərinin narahatlığına son qoyacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti