COP29

Ehtiram Quliyev bu ŞOK AÇIQLAMA ilə AFFA-ya "müharibə" elan etdi! - VİDEO

10 Oktyabr 14:40 Turan 3 013
Ehtiram Quliyev bu ŞOK AÇIQLAMA ilə AFFA-ya "müharibə" elan etdi! - VİDEO

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev bugünlərdə klubun «yutub» kanalına qalmaqallı açıqlama verib.

Premyer Liqanın 9-cu turunda «Zirə» üzərində əldə olunan 1:0 hesablı təsadüfi qələbədən vəcdə gələn iş adamı kamera önünə keçərək, bəzi iddialar ortaya atıb.

Quliyev son vaxtlar kluba qarşı təzyiqlərin artdığını və bunun sifarişli olduğunu söyləyib. Sədr göstərişin məğzini və hansı dairələrdən gəldiyini deməsə də, yollarından dönməyəcəklərini, klub olaraq dirənəcəklərini vurğulayıb.

Ehtiram Quliyevin danışdıqları ictimai rəydə çoxlu şübhələrə yol açıb. Bu sualları bizə də verilir - görəsən, o, sifarişçilərdən və icraçılardan danışarkən, kimləri nəzərdə tutub.

Klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovdan bunu maraqlandıq. hörmətli funksioner sədrin sözlərinin mətbu kəsimə aid olmadığını açıqladı.

İdarəçi Quliyevin bütün media orqanlarına böyük sayğı ilə yanaşdığını vurğulamaqla kifayətləndi.

Bax, belə… Nəsibovun izahatından aydın olur ki, dəyərli Ehtiram bəy o sözlərlə AFFA-nı nəzərdə tutur. Bu, «Turan Tovuz»un bir nömrəli şəxsinin federasiya ilə toqquşması, onlara «müharibə» elan etməsi deməkdir.

Futbolda klubun fəaliyyətinə və yaxşı nəticələr qazanmasına mane ola biləcək başqa qüvvə yoxdur.

Peşəkar Futbol Liqasının rəhbərliyinin çempionatın gedişinə təsir imkanları məhduddur, qurumun prezidenti Elxan Səmədov 10 aydır ki, öz canıyla əlləşir.

Quliyevin AFFA-nın bostanına baş atmasının kökündə bir neçə faktor dayanır. Federasiyanın «Turan»a ən güclü təsir rıçaqı hakimlərdir.

Adıçəkilən biznesminin Tovuz təmsilçisini himayəsinə götürməsinin bu gün-sabah 2 ili tamam olacaq. Ötən müddət ərzində «Turan» dəfələrlə «fit sahibləri»nin ədalətdən xəbər verməyən qərarlarının əziyyətini çəkib.

Klub onlardan şikayətini dəfələrlə bəyanat formasında ictimailəşdirib. Əsas da ötən mövsümün təbii axarından çıxdığı dönəmlərdə.

Ehtiram Quliyev «Sabah» və «Araz-Naxçıvan»la cari sezonun payına düşən oyunlarda hakimliyin səviyyəsindən çox narazı qalıb.

Belə görünür ki, o, «Turan»ın əleyhinə işləyən qərarların təsadüfi olmadığı qənaətində qətidir. Bunu da AFFA-nın onu gözünün götürməsiylə bağlayır.

Tikinti maqnatının federasiyanın İcraiyyə Komitəsinə üzv seçilmək arzusu olub. Rövşən Nəcəf bu xəyalı suya döndərib.

Aprelin 2-də AFFA-nın prezidenti seçilən SOCAR-ın şefi ali qərarverici orqana əksəriyyəti ona yaxın kadrları gətirib. Bu sahəyə yaxından-uzaqdan aidiyyatı olmayan kəslərdir belə.

Ehtiram Quliyevə pis gəlib son yenilənmə. AFFA-nın əsas orqanından kənarda qalmağın üzüntüsünü üzərindən ata, özünə yer tapa bilmir.

Bu aspektdən yanaşsaq, məlum açıqlama yeni qarşıdurmanın anonsu kimi anlaşılmalıdır. Ehtiram Quliyev AFFA-ya münasibətdə daha möhkəm və sərt mövqe sərgiləcəyini işarə edir. Və yəqin ki, qarşı tərəf bu işarədən əsl mesajı alıb.

AFFA-nın yazılmayan qanunu həmişə işləyib - gəmidə oturub gəmiçi ilə dalaşanlar heç vaxt bağışlanmır.

Ehtiram Quliyevə qədər nə qədər nüfuzlu şəxs, oliqarx və məmur federasiya ilə girdiyi qarşıdurmanı məğlub tərk edib. Deyəsən, bu dəfə sıra ondadır...

NƏSİMİ

Digər Xəbərlər
Xəbər Lenti