Premyer Liqaya təyinat alan hakimlər ciddi müzakirə mövzusudur.
İlk dövrə yenicə başa çatıb, ancaq «fit sahibləri»ndən narazılıq artıq tavana dirənib.
Şikayət etməyən yoxdur. Qurban Qurbanovdan tutmuş ta Samir Abasova kimi. Elə tur olmur ki, baş məşqçilər mətbuat konfranslarında onlardan şikayətlərini dilə gətirməsin.
Hətta «Qarabağ»ın çalışdırıcısı texniki zonada sərbəst hərəkət edə bilmədiklərini, söz deyəndə isə qarşılarında sarı vərəqə gördüklərini söyləyib.
Düz deyir, kim oyun vaxtı səsini bir az qaldırır, futbolçulara tapşırıq verir, yaxud hakimlərə etirazını büruzə verirsə, o dəqiqə başlarının üstünü kəsdirirlər.
Demək olar liqanın bütün klublarının baş məşqçiləri sarı və yaxud qırmızı karta tuş gəlib.
Bircə Kurban Berdiyevdən savayı. «Turan Tovuz»un sükançısı tam bir istisnadır. Ona «gözün üstə qaşın var» demək cəsarətində olan bir hakim yoxdur.
72 yaşlı mütəxəssis istədiyində futbolçuları «söyüb bulayır», istədiyində texniki zona xəttini tapdalayaraq, icazəsiz meydana daxil olur.
Təqdim etdiyimiz video özlüyündə hər şeyi deyir və təsdiqləyir. Epizod beşinci turda «Səbail»lə Tovuzda keçirilən oyundandır.
İlk hissənin gedişində komandasının kapitanı Şəhriyar Əliyevə acıqlanan rusiyalı məşqçi əsəbi halda yaşıl sahəyə ayaq basır və bir neçə metr irəliləyir.
Çox qəribədir, Berdiyev publik şəkildə bu hərəkəti etsə də, referi Rəşad Əhmədov onu cəzalandırmır. Dördüncü hakim Rəvan Həmzəzadə isə sanki Berdiyevin mühafizəçisi kimi davranır, ona «keç yerinə» söyləməyə qorxur.
Bu olaya səssiz qalmaq ayrı-seçkilik deyil, bəs nədir? Kurban Berdiyevin onlardan üstün tutulduğunu görən həmkarları daha neyləsin, necə inansın ki, hakimlər qərəzli deyil?
AFFA rəhbərliyi ağlına və ağzına gələni danışan Hakimlər Komitəsinin yeni sədri Frank de Blekerə qulaq asmaqdansa, yaxşı olar ki, «ədalət təmsilçiləri»nin ədalətli olmayan yanaşmasının səbəblərini araşdırsın.
Bu, gecikmədən atılması gərəkən addımdır.
Yoxsa bir az keçəcək, bu hakimlər hansı məşqçinin qəzəbinə tuş gələcək, ya sillə «yeyəcək, ya qapaz. Ya da ki, futbolçular tökülüb təpiyin altına salacaqlar kimisə.
Futboldur bu. Emosiyalar oyunudur. Səbrin də bir həddi var, hardasa qırılma nöqtəsi olacaq.
Premyer Liqanı mümkün və gözlənilən biabırçı olaylardan qorumaq üçün təcili tədbirlər görülməlidir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN