COP29

"Turan"da aranı bir-birinə qatması buna görə imiş - Yarım milyon dollarlıq təklif aldı

8 Oktyabr 16:00 Turan 5 728
"Turan"da aranı bir-birinə qatması buna görə imiş - Yarım milyon dollarlıq təklif aldı

Son vaxtlar əsas heyətdə yerini itirən Otto Conun «Turan Tolvuz»u tərk etmək istəməsinin səbəbi məlum olub.

Hələlik adı gizli saxlanılan İraq klubu nigeriyalı hücumçuya Azərbaycanda qazandığı puldan qat-qat artığını ödəməyə hazırdır.

Afrikalı legionerə 2 illik müqavilə təklif edilib. O, ərəb bölkəsinə gedərsə, bu müddətdə 500 min dollar qazanacaq.

«Turan»da ikinci mövsümünü keçirən Oto ötən il 4000 dollar maaş alıb. Bu sezondan isə onun əməkhaqqısı 6000 dollara qaldırılıb.

Təbii ki, bu da adıçəkilən forvardın gözünə çox görünmür. Çünki klub rəhbərliyi Kurban Berdiyevin baş məşqçi vəzifəsinə gəlməsindən sonra digər oyunçuların məvacibini xeyli artırıb.

Təkcə bir faktı qeyd edək ki, son ilyarımda «Sabah»ın formasını geyinmiş Kristian da Silva orada 6000 dollar alırdısa, «Turan»da hər ay 10 min dollar qazanır.

Bu üzdən «Turan Tovuz»da Otto Con böhranı böyüməkdədir. Nigeriyalı rəhbərliklə görüşüb və buradan ayrılmaq istədiyini bildirib.

O, daha sərfəli şərtlər irəli sürən ərəblərlə anlaşmağı düşündüyünü, sərbəst buraxılmasını xahiş edib.

Fəqət, Con bu çağırışına eyni reaksiyanı görməyib. Rəsmilər ona müqaviləsinin hələ davam etdiyini, yalnız təzminat ödəniləcəyi təqdirdə, getməsinə icazə veriləcəyini açıqlayıb.

Bilindiyi kimi, baş məşqçi Kurban Berdiyev Otto Conu bir müddət əvvəl əsas heyətdən kənarlaşdırıb.

Adıçəkilən legioner təsadüfən Berdiyevin qəzəbinə tuş gəlməyib. Rusiyalı çalışdırıcını hiddətləndirən hadisə Şamaxı səfəri zamanı baş verib.

Belə ki, Premyer Liqanın «Şamaxı» ilə matçına yollanan oyunçular avtobusun içində əlbəyaxa olub.

Otto Conla Rüfət Əhmədov arasında mübahisə davaya çevrilib. Nəticədə nigeriyalı hücumçu adıçəkilən müdafiəçiyə bir neçə zərbə endirib.

Onları bir-birindən komanda yoldaşları güclə ayırıb. Olay Berdiyevin gözünün qarşısında yaşansa da, baş məşqçi tərəflərə ciddi reaksiya verməyib.

Rusiyalı çalışdırıcı yalnız oyun günü mövqeyini ortaya qoyub.

Afrikalı forvardı əsas heyətə daxil etməyib, yalnız 67-ci dəqiqədə Ayxan Quseynovun əvəzinə meydana buraxıb. Rüfət Əhmədov isə sonadək ehtiyat skamyadan tərpənməyib.

Berdiyev 2:2 bitən qarşılaşmadan sonra Otto Conun avtobusla geri dönməsinə icazə verməyib.

Çalışdırıcı afrikalını onu stadiondan Şamaxı Olimpiya Kompleksinə – əvəzedici heyətin qaldığı məkana yollayıb.

Berdiyev hesab edir ki, afrikalı qəsdən aranı qarışdırır və zəif təsir bağışlayır. Baş məşqçi klub rəsmilərinə bildirib ki, Con İraqdan təklif alandan bəri meydanda can qoymur, özünü qoruyur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti