«Turan Tovuz» yeni direktor axtarışına çıxıb.
Bu, Kurban Berdiyevin növbəti tələbidir.
Baş məşqçi onu Azərbaycana gətirən şəxslərdən sözügedən vəzifəyə namizəd tapmağı tapşırıb. Rusiyalı mütəxəssis yeni ilədək təyinatın gerçəkləşməsini istəyib.
Gerçək olan budur ki, Premyer Liqanın son turlarında uğursuzluq yaşayan «Turan Tovuz»da gərginlik get-gedə artmaqdadır.
Artıq Kurban Berdiyevlə rəsmilərin münasibətlərində böyük çatlar əmələ gəlib.
Komandanın Şamaxı səfəri növbəti belə xoşagəlməz olay yaşanıb. Baş məşqçi idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovla sərt danışıb.
69 yaşlı çalışdırıcı İsmayıllı rayonunun Basqal kəndində yerləşən oteldən və yolun uzunluğundan narazı qalıb, direktoru kobud şəkildə danlayıb.
Berdiyev Nəsbova «komanda uduzsa, bunun günahkarı sən olacaqsan» söyləyib.
O iddia edib ki, İsmayıllıdan Şamaxıya olan 20 km məsafə kifayət qədər uzundur və yol narahatdır. Baş məşqçi stadiona daha yaxın ərazidə otel tapılmamasından gileylənib.
Səməd Nəsibov yaxşı qurtarıb. 90+6-cı dəqiqədə Kristian da Silvanın yerinə yetirdiyi penalti həm direktoru, həm də «Turan»ı qurtarıb.
Yoxsa Berdiyev komandasının məğlubiyyətinin bütün təqsirini onun üzərinə «yükləyəcəkdi».
Problem onda deyil ki, Səməd Nəsibov işinin öhdəsindən gələ bilmir. Əksinə, o, klubun rəhbərliyində təmsil olunan yeganə peşəkar kadrdır.
Nəsibov hələ «Qəbələ»də çalışdığı zaman necə bacarıqlı funksioner olmasını isbatlayıb. Yəni, onun özünü «Turan»da təsdiqləməsinə ehtiyacı yoxdur.
Hər klub istəyər ki, belə savadlı və təcrübəli idarəçisi olsun. Bu mənada Ehtiram Quliyevin bəxti üzünə gülüb.
İdarə Heyətinin sədri vaxtilə Türkiyədə tələb yoldaşı olmuş Səməd Nəsibovu «Turan»a gətirməklə bəlkə də ən düzgün addımını atıb.
Kurban Berdiyevin idman və əməliyyatlar üzrə direktorunu «qaralaması» elə Quliyevə çox yaxın olmasıyla əlaqədardır. Baş məşqçi onun gəlib-getdiyi yerdə özünü rahat hiss etmir.
Düşünür ki, düşərgədə yaşaanan hadisələrin hamısından sədr xəbər tutmamalıdır. Odur ki, bu vəzifəyə əcnəbi birinin gətirilməsi üçün əl-ayağa düşüb.
SPORTİNFO.AZ