Premyer Liqanın 8-ci turunun maraqlı qarşılaşmalarından biri Şamaxıda baş tutacaq.
Burada yerli komanda "Turan Tovuz"u qonaq edəcək.
Qarşılaşmanı prinsipial edən əsas məqam son iki mövsümü "Turan Tovuz"u çalışdıran və ötən sezonun sonunda göstərdiyi yaxşı nəticəyə rəğmən baş məşqçi postundan göndərilən Ayxan Abbasovun bu gün "Şamaxı"nın başında olmasıdır.
Görəsən, qərb təmsilçisində başına gələnlərə görə Abbasov bu qarşılaşmaya xüsusi yanaşırmı?
Sorğumuza cavab olaraq çalışdırıcı bunları dedi:
"Öncə onu deyim ki, "Turan" çempionata çox yaxşı başlayıb. Tək bu komanda yox, mənim çalışdığım başqa komandalar da var.
Hər birinin məndə özünəməxsus yeri var. Məşqçi kimi həmin komandalarda uğurlu olmuşam.
"Turan" həmin kollektivlərdən biridir. İki il öncə məqsədimiz çempionatda qalmaq, sonra inkişaf etmək idi.
Bunu da etməyə çalışdıq. Amma bu gün rəqib "Turan"dı deyə hazırlığımızda hər hansı özəllik yoxdur.
Digər rəqiblər kimi baxırıq. Bu gün öz komandamızı düşünürük.
Oyundan-oyuna daha yaxşı olmaq, çempionatda möhkəmlənmək istəyirik. Yanaşmamız budur".
Hazırkı "Turan"ın heyəti böyük ölçüdə Ayxan Abbasov tərəfindən formalaşdırılıb. Futbolçuların bacarıqlarını yaxından bələddir.
Maraqlıdır, bu məqam onun işini asanlaşdıra bilərmi? Abbasovu dinləyək:
"Bəli, futbolçuları yaxşı tanıyıram. Unutmayaq ki, həmin futbolçular "Turan"a gələndə iddialı deyildilər.
Onları futbolumuza qazandırmağımız bizi sevindirir. Amma yeni baş məşqçi gəlib.
İstəkləri başqadır. Son oyunlara görə rəqibi analiz etmişik.
Bu gün rəqibik. Oranı artıq unutmuşam.
Fikrimiz "Şamaxı"nın yanındadır. Stabil çıxış edirlər.
Çox çətin rəqibdir. "Qarabağ", "Sabah" kimi rəqiblərə qarşı göstərdikləri oyun nizam-intizamlı kollektiv olmalarından xəbər verir".
XANOĞLAN / SPORTİNFO.AZ