COP29

Tovuzdan incik ayrılan şəxsdən "Turan"a AÇIQ MESAJ

29 Sentyabr 14:25 Turan 2 370
Tovuzdan incik ayrılan şəxsdən "Turan"a AÇIQ MESAJ

"Turan Tovuz" mövsümə pis başlamayıb. Bölgə klubu arxada qalan 7 turda aktivinə 14 xal yazdıra bilib.

Əbəs deyil ki, artıq indidən Berdiyev Tovuzda qəhrəman kimi qarşılanır.

Elə futbol ictimaiyyəti də nəticələrə görə onun ünvanına az xoş sözlər səsləndirmir.

Türkmənistanlı mütəxəssisin məşqçilik bacarığına kimsə bir söz deyə bilməz.

Amma hazırkı klubunda əldə etdiyi nəticələr pafoslu təqdimata haqq verirmir?

Birmənalı olaraq cavab xeyirdir.

Bunu biz yox, Ayxan Abbasovun "Şamaxı"sı göstərdiyi nəticələrlə deyir.

Hər iki klubun arxada qoyduğu matçlara göz gəzdirəndə qeyd alınan nəticələrdəki bənzərlik gözdən qaçmır.

"Turan Tovuz" kimi "Şamaxı" da "Sumqayıt"ı minimal hesabla məğlub edib (1:0)

"Turan Tovuz" kimi "Şamaxı" da "Neftçi" və "Sabah"la səfərdə bərabərə qalıb. Yenə eyni hesablarla - 0:0, 2:2.

"Turan Tovuz" "Kəpəz"dən 3 xalı 4 qolla qoparıbsa, "Şamaxı" eyni xalı 2 qolla əldə edib.

"Turan Tovuz" "Qarabağ" önündə 1 qolla sürpriz 3 xala sevinibsə, eynisini "Şamaxı" digər iddialı "Zirə" önündə edib.

Və hər iki kollektivin də aktivindəki yeganə məğlubiyyət "Araz Naxçıvan"la matçda gerçəkləşib. Berdiyev evdə 1:2 hesablı məğlubiyyətlə barışmalı olubsa, Abbasov səfərdə 0:1-ə məyus olub.

Müqayisədə Abbasovun Berdiyevlə üz-üzə gətirilməsi də taleyin ironiyasıdır.

Axı yayda məhz azərbaycanlı mütəxəssisi əcnəbi çalışdırıcı ilə əvəz edən klub rəhbərliyinin məqsədi nəticələri daha da yaxşılaşdırması idi.

Bu gün isə məlum olur ki, Ayxan Abbasov həmkarından öndədir ki, geri deyil.

Çünki "şirlər" cəmi 1 aya formalaşıb. Büdcə və keyfiyyətdə də Berdiyev 1 addım öndədir.

Amma nəticələr göstərir ki, yerli mütəxəssis dəfələrlə az xərc müqabilində ortaya daha sanballı iş qoya bilib.

Bunu həm də "Turan Tovuz" cəbhəsinə ötürülən açıq mesaj kimi qəbul etmək olar.

Ki, 1 aya yığılan komanda ilə ortaya belə iş qoyuramsa, görün 2 ilə ərsəyə gətirdiyim "Turan"la nələr edərdim.

Təbii ki, haqqı yeyilməsə, yersiz yerə göndərilməsəydi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti