COP29

Berdiyev futbolçuları özündən incik saldı - “Turan” qarışır

25 Sentyabr 10:40 Turan 2 893
Berdiyev futbolçuları özündən incik saldı - “Turan” qarışır

«Turan Tovuz» Kurban Berdiyevlə ilk məğlubiyyətini ötən həftəsonu aldı.

Bu, kənarda yox, Tovuzun özündə qeydə alındı.

«Araz-Naxçıvan» səfərdən qələbəni 2:1-lə apardı.

Berdiyev yenilgini qəbul etdi, Matçsonrası mətbuat konfransında bunu açıqca söylədi.

Zəif oynadıqlarını gizlətmədi. Futbolçularının birlik və bərabərlik göstərmədiyini də eşitdik ondan.

Kaş eşitməzdik. Berdiyevin bu gün-sabah 70 yaşı olacaq, dünyanın hər üzünü görüb və bir neçə aydır Azərbaycandadır, hələ də çalışdığı oyunçuların mentalitetinə bələd olmayıb.

Komandasının hər bir üzvünün onun açıqlamalarını səbirsizliklə gözlədiyini, bu sözlərdən mənfi yöndə təsirləndiyini bilməlidir.

Bura Azərbaycandır, nə Rusiya, nə İran. Bizimkilər çox həssasdır, istənilən bir hadisə onu göyə də qaldırar, yerə də çırpar.

Gərək ona münasibətdə diqqətli olasan.

Berdiyev bu kimi incə məqamları gözardı etməklə, yanlışa yol verdi. Altını və acısını çəkəcək.

Onsuz da, «Turan» son 3 turdur yaxşı təsir bağışlamır. Göz görə-görə geri gedirlər.

Ultra praqmatik tərz artıq o səviyyədə işləmir. Heyət qısırlıdır, bu yandan da zədəlilərin sayı durmadan artır.

Kurban Berdiyev belə bir vəziyyətdə oyunçularını günahkar çıxarmaqla, «Turan»ın sabahını təhlükəyə atır.

Bilirik ki, kollektiv içində ona antipatiya bəsləyənlər var və sayları heç də az deyil.

Son açıqlaması komanda daxilində ondan narazıların sıralarını böyüdəcək, bu da istər-istəməz kənara sıçrayacaq, mediaya sızacaq.

Ehtiram Quliyev müdaxilə etməsə, aləm dəyəcək bir-birinə.

Bunun özü də bir sualdır - Berdiyev İdarə Heyətinin sədrinin vasitəçilik missiyasına üstlənməsini işinə müdaxilə kimi qəbul edəcək, ya göz yumacaq?

Gəlin, bir qədər gözləmə mövqeyinə çəkilək, hadisələri daha yaxından izləyək.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti