Təqdimata ehtiyacı olmayan Kurban Berdiyev...
İlk dəfə "Sabah"la oyundan sonrakı mətbuat konfransında üz-üzə gəlmək imkanımız oldu.
3 sualıma açıqlama istədim. Usta cavablar verdi.
Ümumiyyətlə, konfrans boyu sərgilədiyi davranışa əsasən tanımasan elə bilərsən ki, məşqçiliyə yeni başlayıb. O qədər sadə. Hətta həmkarımızdan üzr istəyəcək qədər.
Cavablarından isə illərin təcrübəsi sel kimi yağır.
Deyəsən, "Turan"ın məşqçilərlə bağlı yaxşı naxışı var. Öncə Ayxan Abbasov, indi Kurban Berdiyev.
Ümid edirəm ki, taleləri eyni olmayacaq. Kiçik büdrəmədə qapını göstərməyəcəklər.
Onun burada uzun müddət qalmasında fayda var. Təkcə "Turan" üçün yox, bütövlükdə futbolumuz üçün.
Arxada qalan müddət təkcə pul qazanmağa yox, həm də iş görməyə gəldiyini göstərir.
Böyük transferlərin izinə düşmədi, sabiq baş məşqçinin buraxdığı izlə davam etdi.
Ötən mövsümkü heyətlə yola davam etməsi həm də sələfinə təşəkkür əlaməti kimi qəbul edilə bilər. Yəni düzgün iş qurmusan. Qapı mövqeyini dəyişdi (ötən mövsüm "Turan"ın ən yaralı yeriydi) və orta xəttə Kristian Silva kimi təcrübəli sima gətirildi.
Vəssalam!
Daha əksər yeni məşqçilər kimi özündən Amerika kəşf etmədi. Köklü dəyişikliyə getmədi. Çünki uşaq deyil. Zəngi təcrübəsi, görən gözü var. Qısa müddətdə fərqinə vardı ki, əlinə hazır komanda düşüb. Qalır dəyərləndirmək.
Və o da zəruri olanı etdi.
Yəni, arxada qalan iki ildə sıfırdan muncuq kimi ipə düzülən "Turan Tovuz"un üzərində işləməyi məqsədəuyğun saydı.
Düzdü, müəyyən istəkləri əlavə xərclərə yol açıb.
Komandanın əvvəlki kimi oyundan sonra Bakıya qayıtması üçün avtobusla saatlarla yolda qalmasına, minbir əziyyətə qatlaşmasına ehtiyac yoxdur. Çünk futbolçulara xüsusi qatarlar ayrılıb, maaşlar, mükafatlar indi daha yüksəkdir.
Amma ümumilikdə Berdiyevin ortaya qoyduğu əmək, yanaşma bunun yanında daha ağır görsənir.
XANOĞLAN İMANOV