"Turan Tovuz"un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov Sportinfo.az-a açıqlama verib.
Klub rəsmisi komanda üzvlərinə maaşların nağd şəkildə ödənilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Bilirik ki, hazırkı dövrdə futbolçulara edilən bütün ödəmələr rəsmi hesablar üzərindən aparılır.
Bəs belə olan halda bölgə klubunu fərqli addım atmağa nə var edib?
Səməd bəyi dinləyək:
"Bəli, futbolçulara nağd ödəmələr edilib. Amma bu maaş olaraq yox, sadəcə, avans olaraq verilib.
Bu addımın atılmasını zəruri edən iki səbəb var. Əvvəla onu deyim ki, əcnəbi futbolçuların miqrayısa sənədləri hələ tam yekunlaşmayıb.
Proses müəyyən qədər vaxt çəkir. Belədə onların adına ödəniş etmək üçün vöen açmaq, hesab yaratmaq mümkün deyil.
Digər səbəb isə odur ki, dövlət tərəfindən ayrılan dotasiya hələ klubun büdcəsinə köçürülməyib. Komanda iyundan bir araya gəlib.
Futbolçular məşqlərə çıxır, oyunlar keçirir. Rəhbərlik qərara gəldi ki, futbolçulara dəstək olaraq maaşların müəyyən hissəsi avans kimi verilsin.
Qarşıdakı günlər AFFA-dan kluba ödəmələr daxil olacaq və yalnız onda kollektivin maaşları tam olaraq ödəniləcək. O zaman futbolçular da avans olaraq nağd şəkildə aldıqları pulu geri qaytaracaqlar".
XANOĞLAN