COP29

Kurban Berdiyev Ehtiram Quliyevdən narazıdır - “Turan”dan çıxıb getməyə hazırlaşır?

6 Sentyabr 15:00 Turan 4 360
Kurban Berdiyev Ehtiram Quliyevdən narazıdır - “Turan”dan çıxıb getməyə hazırlaşır?

Premyer Liqada 5 həftə tamamlanıb. «Turan Tovuz» sürprizi davam etməkdədir.

1 heç-heçə və 4 qələbə ilə xallarının sayını 13-ə çatdıran əyalət klubu vahid lider mövqeyindədir.

Bu, Kurban Berdiyevin gördüyü işlərin bəhrəsidir. Atdığı addımlar özünü doğruldur. Komandası hələ də qapısından top buraxmayıbsa, baş məşqçinin düzgün yolda olduğunu deməliyik.

Çempionat marafonu uzundur və Berdiyev kimi Nikolayı taxtda görmüş mütəxəssis anlayır ki, ixtiyarındakı heyətlə sabit çıxış etmək möcuzəyə bərabərdir.

Hardasa dayanacaqlar və uğursuzluq zolağı başlayacaq. Çünki «Turan»ın əksər oyunçularının səviyyə şkalası orta rəqəmlərdən aşağıdır.

Rusiyalı çalışdırıcının «Səbail»ə 1:0 qalib gəldikləri qarşılaşmadan sonra həm oyundan, həm də nəticədən razı qalmadığını deməsi, həmçinin «yeni transfer gözlənilirmi» sualına verdiyi bu cavab düşündürücüdür:

«Hələ ki, dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın».

«Top»u rəhbərliyə elə-belə məşqçi atmır e! Berdiyev ağır xasiyyətli, sözünün əvvəlinin də, arxasının da bıçaqdan iti kəsməsinə öyrəşmiş tipdir.

Yaşı 70-i keçib, gördüyünü görüb, yaşadığını yaşayıb, qazandığını qazanıb. Həyatda çox şey əldə edib, pal-paltarını götürüb üzüaşağı silkələsən, ciblərindən milyonluq bank kartları yerə düşər.

Kimdənsə, nədənsə çəkinəsi bir şeyi yoxdur. Xətrinə dəyən nəsə olsa, pencəyini kürəyinə atıb çıxıb gedəcək.

«Turan» rəhbərliyi Berdiyevin media vasitəsilə onlara ötürdüyü mesajı göydə tutmalıdır.

O, Ayxan Abbasov deyil ki, klubun maliyyə vəziyyətini nəzərə alsın, «imkanımız məhduddur» deyən dillərə inansın, göz yaşları qarşısında yumşalsın.

Kurban Berdiyev Ehtiram Quliyev kimi yüzlərlə iş adamı, onlarla klub rəhbəri görüb. Baş məşqçinin mətbuat konfransında işlətdiyi sözlər İdarə Heyətinin sədrinə xəbərdarlıqdır.

Demək istəyib ki, bax a, yeni transferlərə büdcə ayırmasaz, gedəcəm.

Bu isə Ehtiram Quliyev üçün palçığa batmaq kimi bir şey olacaq. Qəbul etməlidir ki, indi «Turan»da bir söz sahibi var - Kurban Berdiyev.

Nə istəyirsə, yerinə yetirməlidir. Qeyd-şərtsiz. «O yoxdur», «bu yoxdur» söyləməməlidir.

Birinci yerdə gedən komandanın baş məşqçisi normalda rəhbərliyinə sözünü birbaşa deyər. Görüşüb danışarlar, plan qurarlar, onun da əsasında işlərini görərlər.

Berdiyevin medianı vasitə bilərək Ehtiram Quliyevə mesaj verməsi bu anlama gəlir ki, aralarında narazılıq, gərginlik mövcuddur.

Sədr ya vədlərini yerinə yetirməkdən yayınır, ya da istəyir komandanı gücləndirsin, amma maliyyə imkanları zəifləyib. İkisindən biridir. Maddi planda hər şey qaydasındadırsa, Berdiyev o qədər jurnalistin qarşısında niyə belə açıqlama versin ki?

Berdiyevin yerində hansısa bir azərbaycanlı məşqçi olsa, qətiyyən medianın əliylə rəhbərliyə bu cür ismarıclar göndərməz.

Fikirləşər ki, problemi ictimailəşdirərəm, yüz yerə yozular, sponsora da ayıb olar, imajı zədələnər. Berdiyevə bu cür yanaşma tərzi çatmır.

Bildiyimizə görə, Quliyevdən 3 legioner istəyib. Tələbi həyata keçməsə, qarşıdakı həftələrdə, yəqin ki, mediaya daha açıq və daha çarpıcı açıqlamalar verəcək.

Onu izləməkdə davam edək. «Turan»ın uğurlu qrafikinin uzanıb getməsi yaxşı olardı, ancaq Berdiyevin 5 turdan sonra bu səpgidə danışdıqları Quliyevi qəflət yuxusundan oyatmalıdır.

Adam fərqli mentalın daşıyıcısıdır, tələbləri qəbul görmədisə, sədrin «Turan»la bağlı şirin röyaları yarıda qırılacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar