Azərbaycan komandasının UEFA Millətlər Liqasında İsveç və Slovakiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Fernandu Santuşun yığmaya dəvət etdiyi futbolçular arasında uzun müddətdir əsas millidən kənarda qalan Şəhriyar Əliyev də yer alıb.
"Turan Tovuz"un kapitanı Sportinfo.az-a açıqlamasında aldığı dəvəti şərh edib:
"Milli komandada oynamaq qürurvericidir. Milli formanı geyinməyi hər bir futbolçu arzulayır. Şükürlər olsun ki, mənə də dəvət gəldi.
İşim çempionatda oynamaq, komandama fayda verməkdir. Belədə həm də yığma komandanın baş məşqçisinin diqqətini cəlb edib, milliyə dəvət almağı düşünürük.
Hazırda təmsil etdiyim "Turan" da uğurlu çıxış edir. Uğur olanda futbolçular da üzdə olur.
Düşünürəm ki, dəvət almağımda yoldaşlarımın da əməyi var. Biz kollektiv mübarizə aparırıq. Onlar yaxşı olmasaydı, mən də yaxşı olmazdı. Çalışacam ki, davamlı olsun".
Maraq üçün bildirək ki, 31 yaşlı müdafiəçi sonuncu dəfə 3 il əvvəl Azərbaycan millisinə dəvət alıb.
XANOĞLAN