Kişilər üçün qeyd olunması arzuolunmaz sayılan rəqəmi geridə qoymuşam.
Bu yaşa qədər o qədər nağıllar eşitmişəm ki. “Ac qurdun nağılı”, “Məlikməmməd nağılı”, “Qış nağılı”...
Roman Qriqorçuk sağ olsun, saçlarımızın ağaran vaxtında bizi bir neçə hissədən ibarət “Yay nağılı” ilə tanış etməkdədir. Hər dəfə xal itkisindən sonra vaxt azlığını qeyd edib, yeni legionerlərin gəlişindən bəh-bəhlə danışır. Biz də oturub qulaq asırıq.
Baxma da, yaşlı adamdır, vaxtilə azərbaycanlıları “Qəbələ”dəki uğurları ilə sevindirib, müharibə olan ölkədən gəlib. Adam dərinə gedib xətrinə dəymək istəmir.
Roman İosifoviç “Turan Tovuz”da baş verən proseslər haqda yəqin ki, məlumatlıdır. Ən azından bilir ki, yaydakı dəyişikliyin nəticəsi kimi Ayxan Abbasovu Kurban Berdıyev əvəzləyib.
Müsəlman mütəxəssisin komandasını çempionata hazırlamaq üçün ayyarım vaxtı var idi. Bu müddətdə gecəsini gündüzünə qatıb çalışdı, hər futbolçu ilə azı 2-3 saat söhbət etdi, nöqsanları gördü, sərt üzünü ətrafındakılara göstərdi və bu da nəticəsi – bölgə təmsilçisi 4 oyundan topladığı 10 xalla liderdir.
“Neftçi”nin təkcə əsas komandasında çalışan adamların sayı bəlkə də “Turan Tovuz”un bütün yaş qruplarında və bazada işləyənlərin cəmindən artıqdır.
“Neftçi”nin büdcəsi “Turan”ınkından azı 3 dəfə çoxdur.
“Neftçi”nin heyətindəki legionerlərin sayı “Turan”dakı yerli futbolçuların sayına bərabərdir.
“Neftçi”nin təlim-məşq bazasındakı meydançalar və binadakı şərait “Turan”dakılar üçün yuxudur.
“Neftçi” “Qarabağ”la qarşılaşmadığı halda, “Turan” son 11 ilin çempionunu məğlub edib.
Cənab Qriqorçuk və onun eyni fikirləri bölüşənlər üçün daha bir neçə fakt sadalamaq olar. Uzunçuluq edib gözlərinizi yormaq istəmirəm.
Nə demək istədiyimi anlayanlar anladı. Yoxsa, vaxt belə gəldi, uyğunlaşma belə getdi, yeni legionerlər yoldadır kimi bəhanələrə qulaq asmaq yaşın-başın bu vaxtında nəyimizə gərəkdir?
Camaat iş görür, siz isə nağıl danışırsınız.
HƏBİB