"Kəpəz" Gəncə şəhər stadionunda yenidənqurma işləri aparıldığı üçün bu mövsüm ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.
Premyer Liqanın üçüncü turunun "Turan Tovuz"la ev matçı da bu baxımdan fərqlənmədi.
Lakin gözləmək olardı ki, ən azı idman prinsiplərinə xatir "Turan" tərəfi özünü qonaq kimi hiss etdirəcək. Və ya "Kəpəz" müəyyən maneələrlə olsa da özünü meydan sahibi kimi hiss etdirəcək.
Tam əksinə şahid olduq.
Nə qədər qəribə səslənsə də oyun günü şəhərin müxtəlif yerlərində rastlaşdığımız afişalarda meydan sahibi "Turan Tovuz" göstərilmişdi.
Qarşılaşma üçün satışa çıxarılan biletlərin satışını da elə "Turan Tovuz" tərəfi aparırdı.
Normalda əsas tribunada meydan sahibi kimi "Kəpəz" azarkeşləri yer almalı olsa da, onlar qonaq tribunasında əyləşməli oldular.
Matçın diktoru da tovuzlulara məxsus idi.
Ancaq kiçik araşdırmadan sonra məlum oldu ki, "Turan Tovuz"un atdığı addımlar özbaşınalıq əlaməti deyilmiş.
Belə ki, bütün qərarlar "Kəpəz"lə razılaşdırılaraq atılıb.
"Turan" rəhbərliyi bunun əvəzində əzəli rəqibə jest də etməyi unutmayıb.
Stadiondan istifadə haqqı olaraq ödəniləcək məbləğdə müəyyən qədər güzəştə gedilib.
XANOĞLAN/ SPORTİNFO.AZ