COP29

Cənnəti görmək istəyən bura gəlsin - FOTOREPORTAJ

12 Avqust 20:00 Turan 1 207
Cənnəti görmək istəyən bura gəlsin - FOTOREPORTAJ

“Turan Tovuz”un ötən həftə “Neftçi”ylə oyunda sərgilədiyi futbolu, başqa cür desəm, göstərdiyi xarakteri göz önünə gətirəndə, səfər matçında “Sumqayıt”ı ciddi təhlükənin gözlədiyini müəyyən etmək çətin deyildi.

Komandaya təkcə Kurban Berdıyevin təcrübəsi yox, həm də tovuzlu fanatların inanılmaz dəstəyi qələbə qazandırmalıydı ki, qazandırdı da.

Oyunun başlamasına 30-40 dəqiqə qalmış tribunadakı oturacaqların yarısından çoxu öz sahibini tapmışdı. Tural Qurbanovun start fiti ərəfəsində isə mərkəzi sektorlarda boş yer qalmamışdı. Hətta pilləkənlər belə zəbt olunmuşdu.

Bu şəhərin fanatları “Turan Tovuz”un bir nömrəli silahıdır. 90 dəqiqə boyunca susmaq bilməyən, lazım gələndə dəstək verən, ehtiyac duyulan anlarda rəqibə təzyiq göstərən, oyundan əvvəl və sonra sevimli komandalarını ayaq üstə alqışlayan fədailər matçın yekununda istəklərinə çatdılar.

Yekun nəticə heç-heçə olsaydı da, bu, ədalətsizlik sayılmayacaqdı. Çünki hər iki komandanın ayrı-ayrı dəqiqələrdə üstünlüyü və real qol imkanları vardı. Sadəcə, qərblilər rəqib qapısının torunu silkələməyi bacardı, qonaqlar isə yox. Psixolji üstünlüyün meydan sahiblərinin tərəfində olması da matçın tamamında tablodakı rəqəmlərdə özünü əks etdirdi.

3 xal “Turan”ın aktivinə yazılandan sonra stadionu tərk edən azarkeşlərin müzakirə mövzusu tanınmış sima idi. Berdıyevin gördüyü işi müzakirə edir, yeni transferlərin vacibliyindən söz açırdılar. Ümumi planda ilk ev oyunundan razı qaldıqları hiss olunurdu.

Meydanda sərgilənən futbolu televizor qarşısında izləmək ən sadə yoldur. Futbolun dadını çıxarmaq, azarkeşin nə demək olduğunu canlı görmək istəyənlərə mütləq və mütləq bir gün ayırıb Tovuza getməyi məsləhət görürəm.

“Turan”ın ev oyunu günü Tovuzun yolunu tutun. Öncə çay qırağında istirahət edin, axşamüstü futboldan və azarkeşlərdən zövq alın. Peşman olmayacaqsınız. Bura hər mənada cənnətdir, əsas da futbolun cənnətdir.

HƏBİB, Bakı-Tovuz-Bakı

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…