COP29

Azərbaycan klubunda yeni baş məşqçi, köhnə dəsti-xətt

10 Avqust 20:40 Turan 1 590
Azərbaycan klubunda yeni baş məşqçi, köhnə dəsti-xətt

"Turan Tovuz" ötən mövsümün sonu Ayxan Abbasovla yolları ayıraraq Kurban Berdiyevi baş məşqçi postuna gətirdi.

Belədə adətən yeni gələn məşqçilər öz komandasını başına yığır.

Türkmənistanlı çalışdırıcının da ilk addımları bu yöndə oldu.

O, Andrey Matsyuranı özünə köməkçi, Yakov Erlixi fiziki hazırlıq üzrə, Yevgeni Şetinini isə qapıçıların hazırlığı üzrə məşqçi kimi komandaya cəlb etdi. Yerli mütəxəssislərdən Cavid Hüseynov və Ruslan Abışovun da tanınmış mütəxəssisin yanında yer aldığını bildirək.

Gözləmək olardı ki, Berdiyev məşqçilər korpusunun ardınca futbolçu heyətinə ciddi əl gəzdirəcək.

Lakin tam əks mənzərəyə şahidlik etdik.

72 yaşlı mütəxəssis bizə tanış olmayan qapıçılar - İvan Konovalov, Sergey Samok və Araş Qadiri xaric kimisə kluba cəlb etmədi.

Tanış adlardan isə "Qəbələ"yə məxsus Rüfət Əhmədov, İbrahim Ramazanov, "Araz Naxçıvan"dan ayrılan Tural Bayramlı və "Sabah"dan tanıdığımız Kristian da Silva transfer edildi.

Braziliyalının keçidi ötən mövsümün gedişində də ciddi müzakirə olunub. Sadəcə gəlişinin reallaşması Berdiyevin dönəminə təsadüf etdi.

Əvəzində ötənilki komandanın 90%-i Berdiyevə lazım olduğu üçün düşərgədə qaldı.

Əbəs deyil ki, 1-ci turun "Neftçi" ilə matçında iştirakçı olan 15 futbolçudan nə az, nə çox 11 nəfəri köhnə qvardiyadan idi.

Bölgə klubundan göndərilən Paçu Lira və Bruno Qonçalvesin adları isə ötən mövsümün sonu Ayxan Abbasovun hazırladığı "qara siyahı"da olub.

Son olaraq "Neftçi"dən icarəyə götürülən İsmayıl İbrahimli də 2023/24 mövsümünü "Turan"da keçirmişdi.

Qısası, "Turan Tovuz"a yeni çalışdırıcı gəlsə də sabiq baş məşqçinin dəst-xətti qalmaqdadır.

İzləri demək olar silinməyib.

Ən azı oyunçu seçimində.

Bəs oyun və nəticələr baxımından vəziyyət necə olacaq?

Bu suala cavab tapmaq üçün ən azı 1-ci dövrəni gözləmək lazım gələcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…