COP29

Çətin səfər, parlaq geridönüş

8 Avqust 2024 23:40 Turan 700
Çətin səfər, parlaq geridönüş

"Şamaxı" ilk sınağından üzüağ çıxa bildi.

Rəqib bir neçə gün əvvəl "Makkabi" (Hayfa) kimi güclü rəqibi avrokuboklardan uzaqlaşdıran "Sabah" idi.

Matç isə öncədən nəzərədə tutulduğu kimi Şamaxıda yox, Masazırda keçirilirdi.

Sıfırdan qurulan qonaqlar "12-ci oyunçu"nun da köməyindən məhrum idi.

Düzdü, "tələbələr"in böyük güc itirməsini unutmaq olmaz.

Renduliçin də "Makkabi" ilə oyunla müqayisədə cəmi 3 əsas heyət üzvünə startda şans verməsinin kökündə bu dururdu.

Bu da "Sabah" kimi iddialı kollektivin gücünü azalda bilməzdi.

Ki, elə də oldu.

37-ci dəqiqədə tablodakı rəqəmlər meydan sahiblərinin 2:0-lıq üstünlüyünü özündə əks etdirirdi.

Qaçırılan qol şansları isə bir əlin barmaq sayı qədər olardı.

Hər şeyin bitdiyini düşündüyümüz anda Abbasovun komandası qəhrəmanlıq göstərə bildi.

Fasiləyə saniyələr qalmış Rüfət Abbasovun baxımlı qolu ilə fərq azaldısa, ikinci yarının əvvəlində Belajdi Pusu baş zərbəsi ilə hesaba tarazlıq gətirdi.

Renduliç qısa ara sonra Mikels və Camalov ikilisini döyüşə atdı.

Nəticə hasil olmayında Boyan Letiç və Amil Seydiyevin köməyinə ehtiyac duydu.

Əvəzində onun həmkarı Emin Zamanov, Elşad Tağıyev, Arsen Ağcabəyov, Qurban Səfərov, Edqar Adilxanov gəncləri meydan buraxmağa məcbur qalsa da qələbəyə bərabər heç-heçəni güclü rəqibindən qopara bildi.

İndidən "şirlər"in çox komandaya başağrı olacağını deyə bilərik.

Ayxan Abbasov isə növbəti dəfə təsdiqləmiş oldu ki, çox qısa müddətdə və çoxsaylı problemlərə rəğmən sıfırdan sanballı komanda yığmaq bacarığına sahibdir.

Yetər ki, bu bacırığı haqq etdiyi dəyəri görsün.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti