![Baha qiymətə alınan hücumçu “Turan Tovuz”da kimi gəldi… ŞİKAYƏT VAR!](https://www.sportinfo.az/media/2025/02/07/475666950_1154614860003627_31603747295840582_n.jpg)
“Turan Tovuz”a yeni qoşulan Jo Batista artıq burada narazılıq yaradıb.
Portuqaliyanın ikinci liqasına yuvarlanmış “Çaves“dən transfer olunmuş hücumçu rəftarı ilə komanda yoldaşlarını özündən şikayətçi salıb.
Belə ki, braziliyalı məşq prosesi zamanı bəzən sərtliyə, bəzən kobudluğa yol verir.
Bilindiyi kimi, “Turan Tovuz” müdafiə xəttində zədəlilərlə bağlı sözün əsl mənasında çətinlik yaşayır.
Əməliyyat olunan Roderik Millerlə Denis Marandiçidən başqa Şəhriyar Əliyev və Eltun Turabov da kollektiv çalışmalardan uzaq düşüb.
“Qarabağ”la matçdan əvvəlki məşqlərin birində arxa əzələsindən zərbə alan Şəhriyar son iki qarşılaşmada iştirak edə bilməyib.
MRT müayinəsindən keçən kapitanın zədəsinin ağır olduğu üzə çıxıb. O, 4-6 həftə yaşıl meydanlardan uzaq düşəcək.
Bu, o deməkdir ki, Əliyev qarşıdakı iki turda “Sabah” və “Araz-Naxçıvan”la prinsipial oyunlarda komandasına kömək edə bilməyəcək.
“4 nömrə” ən yaxşı halda “Şamaxı” ilə fevralın 23-də baş tutacaq oyuna hazır olacaq.
Onu bu vəziyyətlə elə Batista salıb. “Sambaçı“ məşqdə ikili mübarizə anında Əliyevin ayağına arxadan zərbə endirib.
Cənubi amerikalı legioner eyni hərəkəti digərlərinə qarşı da edib.
Rəsmilərə və məşqçilərə narazılıq bildirilib, di gəl, yeni transferə kimsə “bir az ehtiyalı ol“, yaxud “hərəkətlərinə fikir ver“ deməyib.
"Turan Tovuz"un Joarlem Batista Santos ilə sözləşməsinin detalları məlum olub.
2,5 illik müqavilə bağlayan braziliyalı mərkəz hücumçu Azərbaycanda keçirəcəyi 1-ci ildə 120 min avro qazanacaq.
Sonrakı müddətdə isə bu məbləğ daha 20-30 min avro artıralacaq.
O, son olaraq Portuqaliyada "Çaves"in formasını geyinib. Son klubunda ümumilikdə 61 oyuna çıxan Batista 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
29 yaşlı "sambaçı" bu mövsüm Portuqaliya II Liqasında 6 oyunda meydana çıxıb və 1 qol vurub.
SPORTİNFO.AZ