COP29

Ehtiram Quliyevin adamlarından yenə ŞİKAYƏT VAR: “Bizə deyiblər ki…”

31 Avqust 14:00 Turan 1 980
Ehtiram Quliyevin adamlarından yenə ŞİKAYƏT VAR: “Bizə deyiblər ki…”

«Bizə deyiblər ki, kim bununla razı deyilsə, ərizəsini yazıb çıxıb gedə bilər».

Bu sözləri redaksiyamızla əlaqə saxlayan «Turan Tovuz»un məşqçilərindən biri deyib.

Akademiyada çalışan mütəxəssis adının çəkilməməsi şərtiylə saytımıza bəzi açıqlamalar verib.

Müsahib bildirib ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev son vaxtlar uşaq futboluna diqqəti kəskin şəkildə azaldıb.

Şikayətçi qeyd edib ki, iş adamı öncəki ilyarımdan fərqli olaraq, indi yalnız əsas komandayla maraqlanır, akademiya isə kimsəsiz uşaq kimi bir kənara atılıb.

Belə ki, akademiyada işləyən mütəxəssislər bundan sonra ilboyu əməkhaqqı almayacaq. 12 aylıq maaş cədvəli 10 aya endirilib.

Halbuki Nadir Nəbiyevin «Turan»da çalışdığı müddətdə belə bir problem yox idi.

Məhz onun təkidi ilə Ehtiram Quliyev 12 aylıq maaş sisteminin icrasına razılıq vermişdi. Nəbiyevin klubdan ayrılmasından sonra sədr akademiyanın kasıb günlərə qaytarıb:

«İndi burada məşqçilərlə kobud dillə danışırlar. Tovuzda hamı danışır ki, Ehtiram Quliyev «Qarabağ»la oyuna görə 100 min manat mükafat verib.

Biz isə 5-10 manatın ümidinə qalmışıq. Ehtiram müəllim akademiyanı yazın qohumu Əli Balakişiyevə tapşırıb.

O da tez-tez iclas keçirir, sərt danışır. Kimə şikayət edəcəyimizi bilmirik.

Nadir Nəbiyevin vaxtında belə deyildi. Başqa klublardakı kimi, «Turan»da da 12 ay maaş verilirdi.

Nəbiyev direktor vəzifəsindən gedəndə, demişdilər ki, heç kim narahat olmasın, vəziyyət bundan sonra daha yaxşı olacaq. Bir də eşitdik ki, bizə 2 ay maaş verilməyəcək.

Əsas komandaya o qədər mükafat verirlər, amma akademiyaya geyim almırlar. Deyirlər ki, aşağı yaş qruplarına iki-üç ildən bir forma alınacaq. Komandalarımız səfərə çıxır, nə su var, nə həkim.

Başqa yerə gedəndə bir çox hallarda yemək də olmur. Buterbrodla oyuna çıxır uşaqlar.

Bir banan nədir, onu da tapmırıq. Nadir Nəbiyevin yerinə gətirilən Eltay Aslanova deyirik, bizə cavab verir ki, gözləyin, düzələcək.

Mən bunu başa düşdüm, bəs uşağa necə izah edim ki, sən ac qal, köhnə paltarda qal, amma çıx, nəticə ver. Çünki akademiyanın yeni baş koordinatoru Ülfət Mədətov məşqçilərdən nəticə istəyir

. Ehtiram müəllimin qəbuluna düşmək olmur. Ona yaxın getməyə, problemlərimizi deməyə qoymurlar».

Mövcud problemlərlə bağlı «Turan Tovuz» rəhbərlyini də dinləmək yerinə düşərdi. Təəssüf ki, klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovu tapmaq müşkül məsələyə dönüb.

Onu tapanda da suallarımıza cavab ala bilmirik. Bununla belə, biz yenə hörmətli Səməd müəllimi dinləməyə hazırıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti