“Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.
Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında təsnifat mərhələsinin qalibi olan idmançı sevincli olduğunu bildirib:
“Mükafat qazandığım üçün çox xoşbəxtəm. Çox çətin il oldu.
Ancaq sonda uğurlu nəticə qazandıq. Mən, sadəcə, öz işimi görürəm.
Məşqçimə və bizi daim dəstəkləyən federasiyaya təşəkkürümü bildirirəm. Bu il üçün maksimum hədəfə çatdıq.
Ümid edirəm ki, olimpiadada da uğurlu çıxış edərəm”.
24 yaşlı taekvondoçu bir müddət istirahət etdikdən sonra hazırlıqları bərpa edəcəyini söyləyib:
“Hələ ki istirahət edəcəyəm. Düşünürəm ki, bu da lazımdır.
Daha sonra Cənubi Koreyaya təlim-məşq toplanışına yollanacağıq. Yay Olimpiya Oyunlarına hazırlaşacağıq”.
Qaşım Maqomedov Azərbaycan yığmasının heyətində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan ilk taekvondoçudur.