Bakıda keçirilən dünya çempionatında iştirak edən və yarışı medalsız bitirən taekvondo millimizin məşqçilər korpusunda, həmçinin Azərbaycan Taekvondo Federasiyasında dəyişikliklər olacaq.
Sportinfo.az xəbər verir ki, qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, federasiya rəhbərliyi rüsvayçı nəticələrdən sonra bir sıra şəxslərlə yolları ayırmaq qərarına gəlib.
Belə ki, yaxın vaxtlarda millimizin baş məşqçisi Reza Mehmandostun istefaya göndərilməsi qərara alınıb. Həmçinin federasiyanın iki vitse-prezidentindən biri, yaxud hər ikisi ilə də yolların ayrılması gözlənilir.
Taekvondo Federasiyasında vitse-prezidentlər Nağı Səfərovla Niyaməddin Paşayevdir. Yaxın vaxtlarda federasiya daxilində keçiriləcək iclasda bununla bağlı qərarlar qəbul olunacaq.
Dünya çempionatında kişi taekvondoçuların komanda hesabında ilk "beşliy"i Cənubi Koreya, Xorvatiya, Türkiyə, İtaliya və Fil Dişi Sahili tutub. Qadınların mübarizəsində Türkiyə, Fransa, Xorvatiya, Macarıstan və İran fərqlənib.
Yarışa 13 idmançı ilə qatılan millimiz isə ciddi nəticə ilə yadda qalmayıb. Komandamız yalnız "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqləndirilib.