“Mən taekvando yığmasından öz istəyimlə getməmişəm.
Baş məşqçi komandaya qoşulmamağımı istədi”.
Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında Azərbaycan taekvando yığmasının sabiq üzvü Milad Beiqi Harçeqani deyib.
O, Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Nağı Səfərovun “Radik İsayev və Milad Azərbaycan çempionatında iştirak etmədikləri üçün yığmadan kənarlaşdırıldılar” açıqlamasına münasibət bildirib:
“Azərbaycan çempionatından əvvəl bizi milliyə çağırmadılar. Nağı Səfərov müsahibəsində deyir ki, Radik və Miladın heç bir perspektivi yoxdur. Əvvəlki müsahibələrinə baxsanız, hər şeyi başa düşəcəksiniz”.
Harçeqani milliyə dəvət almamağın səbəbini bilmədiyini də sözlərinə əlavə edib:
“Bunu baş məşqçidən soruşun. Bizdə heç bir problem yoxdur.
Mən həmişə Azərbaycan bayrağını qaldırmaq üçün çalışmışam. Amma görünür ki, bizi istəmirlər”.
Təcrübəli idmançı hazırda Bakıda olduğunu və məşqlərinə davam etdiyini de deyib:
“Bakıdayam və məşqlərimə davam edirəm. Çünki mən idmanla nəfəs alıram. Həm də burda tələbələrim də var, onlara dərs keçirəm”.
Milad Azərbaycan taekvando yığmasının Bakıda keçirilən dünya çempionatında uğursuz çıxışından danışmaq istəməyib:
“Bu barədə danışmaq istəmirəm. Uğursuzluğun səbəbini baş məşqçi Reza Mehmandostdan, vitse-prezident Nağı Səfərovdan, digər vitse-prezident Niyaməddin Paşayevdən soruşun. Taekvandonu onlar idarə edirlər”.
Azərbaycan yığması dünya çempionatında 13 idmançı ilə təmsil olunub və medal qazana bilməyib.