“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun klubun Müşahidə Şurasının sədri, “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli ilə görüşməsindən xəbərdarsız.
Tərəflər birliyin ofisində bir araya gəlib.
Maraqlıdır ki, toplantıda “kimyaçılar”ın rəsmilərindən heç kim qatılmayıb. Görüş 1 saatdan çox çəkib.
Bağlı qapılar arxasında hansı məsələlərin müzakirə olunması haqda müəyyən bilgilərə sahibik.
Əldə etdiyimiz informasiyaya görə, Samir Abasov komandanın Konfrans Liqası ilə birinci mərhələdə vidalaşmasının, həmçinin Premyer Liqayda mövsümə uğursuz başlamasının səbəbləri barədə fikirlərini bölüşüb.
O, yeni legionerlərin düşərgəyə gec qoşulduğunu, hələ də özlərini göstərə bilmədiyini söyləyib. Çalışdırıcı iddia edib ki, əcnəbi futbolçuların kollektivə adaptasiyasında problemlər mövcuddur.
Abasov məğlubiyyətlərin ardının gələcəyi təqdirdə, vəzifəsi ilə vidalaşa biləcəyini istisna etməyib. Deyib ki, son vaxtlar istefa verədə daha tez-tez düşünməyə başlayıb.
Müşahidə Şurasının sədri baş məşqçiyə tələsməməyi məsləhət görüb. Elnur Məmmədli nəticələrin düzələcəyinə inandığını, komandaya dəstək olacaqlarını qeyd edib.
SPORTİNFO.AZ