Avrokuboklarda mübarizəyə start verən “Sumqayıt”ın rəqibi Macarıstan təmsilçisidir.
Azərbaycanlı futbolsevərlərə yaxından tanış olan “Fehervar”la ilk görüş iyulun 25-də Sumqayıtda keçiriləcək.
Təmsilçimizin doğma meydanda oynamasını sumqayıtlılar üçün üstünlük hesab edə bilərik. Lakin bir fakt var ki, adamı düşünməyə vadar edir.
İş burasındadır ki, “Fehervar” təkcə ev yox, həm də səfər komandası kimi ad çıxarıb. Bunu komandanın avrokuboklardakı nəticələri göstərir.
Uzağa getməyib, 2020-ci ildən bu günə olan nəticələrə nəzər salsaq, “qırmızı-qaralar” bu müddətdə səfərdə 6 oyun keçirib. Bunların 3-də məğlub olubsa, digər 3 qarşılaşmada qalibiyyətə sevinib.
Səfərdə məğlub etdiyi komandalardan biri Malta təmsilçisi “Hibernians”, digəri Moldova komandası “Petrokub” olub. 2022-ci ilin yayında Konfrans Liqasının pley-offunda Almaniyada “Köln”ü 2:1 hesabı ilə udmaqla adından söz etdirib.
Tarixdəki nəticələrə baxmalı olsaq, “Fehervar” öncəki illərdə avrokuboklardakı səfər matçlarında “Gent” (Belçika), “Nımme Kalyu” (Estoniya), PAOK (“Yunanıstan”), “Zeta” (Monteneqro) kimi komandaları udmağı bacarıb. Heç-heçə başa çatan oyunların sayı da kifayət qədər çoxdur.
Odur ki, “Sumqayıt” mərhələ adlamağın planlarını qurursa, bu komandanın qarşısını elə ilk oyunda almalıdır.
İyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək duel saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ