
"Sumqayıt" Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bəlkə də iki komanda da çoxdandır meydana belə qələbə əzmi ilə çıxmamışdı. Hər iki tərəf qalib gəlmək istəyirdi. Bu da meydanda görünürdü. Komandama təşəkkürümü bildirirəm. Futbolçularımdan razıyam. Öz səhvlərimizdən qollar buraxdıq. Amma oyundan, xüsusən də birinci hissədən çox razıyam. "Neftçi" çox yaxşı rəqibdir, güclü futbolçuları var. Növbəti matça hazırlaşacağıq.
- 2:0-dan sonra nə baş verdi ki, rəqib üstünlüyü ələ aldı?
- Kənardan elə görünə bilər. Fərdi səhvlərimiz, "Neftçi"nin adı, oyunçularının ustalıq səviyyəsi futbolçularımda həyəcan yaradırdı. Bu da normaldır. Belə komandaya qarşı bu cür oynadıqlarına görə futbolçularıma alqış düşür.
- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- Əlbəttə məyusam ki, qalib gələ bilmədik. Rəqib "Neftçi"dir, güclü komandaya qarşı oynamışıq. İki səhv bizim üçün kritik oldu. Öz səhvlərimizə görə qol buraxdıq. Üzücü olan budur.
- Giorgi Karaişvilinin səhvinə görə qol buraxdız. Onu meydana buraxdığınıza görə özünüzü günahkar hiss edirsiniz?
- Əgər bunu mənim üstümə yükləmək istəyirsinizsə, problem yoxdur. Digər 9 klubun baş məşqçilərinə də belə suallar versəz, yaxşı olar.
- Qapıda Xəyal Fərzullayevə şans verdiyinizə görə peşmansınız?
- Xəyal Tovuzda qurtarışlar edəndə yaxşı qapıçı idi, indi 2 top buraxıb deyə pis qapıçıdır? Gənc futbolçudur, mən ona güvənirəm. Ümidvaram ki, Xəyal növbəti oyunlarda da öz sözünü deyəcək.
- Mətbuatın sizə qarşı qərəzli olduğunu düşünürsünüz?
- Xeyr, düşünmürəm. Əksinə, hər zaman sizin dəstəyinizi istəmişəm. Bəzən haqqımda xoş olmayan ifadələri oxuyanda məyusluq yaşayıram. Bir gənc məşqçi olaraq komandanı çətin vəziyyətdə götürmüşəm. Amma təcrübəli məşqçilərə başqa suallar verilir, başqa şeylər yazılır. Belə olanda məcburam ki, bunu sizə deyim. Əlimdən gələni edirəm. İstəməzdim ki, bu gün komandam xal itirsin. Amma bu, futboldur.
- Rövlan Muradov öz mövqeyinin ən yaxşılarındandır. Onu oynatmamağınızın səbəbi nədir?
- Biz 11 oyun qol vurmamışdıq. Həmin matçlarda Rövlan əsas heyətdə idi. Ondan qabaqkı oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi. Sərtan Taşkının isə oynadığı matçlarda qol ötürmələri var. Bu futbolçunu mən necə oynatmayım? Rövlan da öz şansını gözləməlidir. Onu 10-15 dəqiqə oynatmaqdansa cavan oyunçuya şans verməyi daha üstün tuturam. Rövlanla heç bir problemimiz yoxdur. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik. Hazırda Sərtan Taşkın həmin mövqedə daha yaxşı çıxış edir.