Cavadov barədə detallı danışmaq istəmədi: “Ona kömək etməyə çalışırıq”

11 Aprel 23:00 Sumqayıt 709
Cavadov barədə detallı danışmaq istəmədi: “Ona kömək etməyə çalışırıq”

Premyer Liqada debüt mövsümünü keçirən Vaqif Cavadov “qara zolaq”dan uğurla keçməyi bacardı.

Rəhbərlik etdiyi “Sumqayıt” çempionatda və ölkə kubokunda 11 oyun qələbəsiz qalanda baş məşqçi ciddi təzyiqlərlə üzləşdi, xeyli mühakimə olundu.

Lakin təslim olmadı. Dözdü, işinə davam etdi və hansısa dövrdə elitadan düşmək təhlükəsi ilə üzləşən komandanı xilas etdi.

“Sumqayıt”ın əsas heyətinin dəyişməz üzvlərindən olan, eyni zamanda Cavadovun meydandakı “sağ əli” sayılan Murad Xaçayev Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvünün məşqçi və insani keyfiyyətləri barədə danışıb:

“Baş məşqçiləri müqayisə etmək bizim işimiz deyil. Biri digərindən nə ilə fərqlənir, yaxud üstün-zəif cəhətləri hansılardır – bu kimi suallara futbolçunun cavab verməsini düzgün hesab etmirəm.

Onu deyə bilərəm ki, hər məşqçinin özünəməxsus futbol fəlsəfəsi və tələbləri var. Öhdəmizə düşən baş məşqçinin bizdən tələb etdiklərini meydanda yerinə yetirməkdir.

Bu, Vaqif Cavadovun Premyer Liqada birinci ilidir. Çalışırıq ki, əlimizdən gəldiyi qədər bu işdə onu kömək edək. Futbolçu kimi sözünü deyib, nəyə qadir olduğunu göstərib. İndi də məşqçilik sənətində uğura imza atmaq istəyir. İnşallah, məşqçi kimi də özünü sübut edərək uğurlar qazanar”.

Məşqçiliyə “Sumqayıt”ın akademiyasında başlayan, burada U-19 və “Sumqayıt-2”ni çalışdıran 35 yaşlı mütəxəssis ötən ilin oktyabrından “Sumqayıt”a başçılıq edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"