
"Sumqayıt"da işlər yoluna düşüb deyə bilərik.
11 oyunluq "qara zolaq" "Kəpəz"lə oyunda başa çatdı.
Artıq "kimyaçılar" qol(lar) da vura bilir, qələbə(lər) də qazana bilir.
Məğlubiyyətsiz seriya isə 3 matça çatıb. "Turan" və "Kəpəz"i xalsız qoyan Vaqif Cavadovun yetirmələri "Sabah"la məhsuldar heç-heçə (3:3) etməsi ilə yadda qaldı.
Budəfəki rəqib daha bir iddialı "Araz Naxçıvan"dır.
Düzdü, Naxçıvan təmsilçisi qışdan sonra çempionatda özünə bənzəmir. Keçirdiyi 10 matçda cəmi 1 qələbə qazana bilib.
Əvəzində ölkə Kubokunda rəqib tanımır. Öncə "Zirə" üzərində qələbələr (1:0, 2:0) qazanan Elmar Baxşıyevin komandası ardınca "Qarabağ"ı da məyus etməyi bacardı - 1:0.
Bir sözlə, hazırda üçüncü sırada olan rəqibin liqadakı nəticələri aldadıcı ola bilər.
"Sumqayıt"ın təcrübəli simalarından olan Mehdi Cənnətov "Belədə sizdə uğurlu seriyanı davam etdirməmək qorxusu varmı" sualına reaksiyası bu cür olub:
"Qısaca deyim ki, hamıdan yaxşı oyun gözləyirəm.
Asan oyun olmayacaq. Bizi çətin qarşılaşma gözləyir.
Amma mümkün qədər xal almalıyıq. Məğlub olmamağa çalışacağıq.
Uğurlu seriyanı davam etdirmək hamımızı sevindirər".
XANOĞLAN / SPORTİNFO.AZ