
"Sumqayıt" 11 oyunluq "qara zolaq"da olanda baş məşqçi Vaqif Cavadov gələcəyə ümidlə baxırdı.
Gənc mütəxəssis 11 matçda qol və qələbə qazanmayan kollektivinin potensialına güvənirdi.
Xüsusilə də ön xətdə yer alan yeni transferlərin adaptasiyası üçün zamana ehtiyac olduğunu vurğulayırdı.
Zaman keçdi, Cavadov sözündə haqlı çıxdı.
"Kimyaçılar" son 3 görüşdə məğlub olmur. 2 görüşdə qələbə, 1 matçda bərabərlik qeydə alınıb. 11 oyunda qol vurmağı yadırğayan komanda son 3 turda aktivinə 8 qol yazdıra bilib.
Və həmin qollardan tən yarısı Vaqif Cavadovun israrla dediyi yeni transferlərin adına bağlıdır.
Bobir Abdixolikov Tovuzda özünün "Sumqayıt" formasında ilk, komandasının isə ikinci qolunu vurmaqla vacib qələbənin memarı oldu.
"Sabah"la son turda Bobir Abdixolikov ikinci qolu vurmaqla növbəti dəfə adını tabloya yazdırdı.
Ronaldo Vaskez komandanın birinci, Momo Yansane isə üçüncü qolunun müəllifi oldu.
Bu, həm də hər iki legionerin "kimyaçılar" formasında vurduğu ilk qol kimi tarixə düşdü.
Görünən odur ki, yenilər indi-indi özünə gəlir. Liqada qalmaq işinin öhdəsindən asanlıqla gələ biləcəklər.
Avrokuboklara getmək şansları çoxdan bitmiş görünür.
Amma mövsümü ilk "altılıqda bitirmək şansları kifayət qədər realdır.
XANOĞLAN / SPORTİNFO.AZ