“Dedi, yaxşı komandadır, Azərbaycana gəl” - MÜSAHİBƏ

21 Mart 16:30 Sumqayıt 901
“Dedi, yaxşı komandadır, Azərbaycana gəl” - MÜSAHİBƏ

Özbəkistan futbolu son illərdəki inkişafına görə yaxın qonşularını mat qoyub.

Bu ölkəni təmsil edən Abdukodir Xusanov “Mançester Siti”nin, Eldor Şomurodov “Roma”nın, Abbosbeki Fayzullaev Moskva ÇSKA-sının uğurları üçün tör tökür.

Özbəkistanın futbol üzrə milli komandası isə gələn il Amerika qitəsində keçiriləcək dünya çempionatının bir addımlığındadır.

Tovuzda yerli komanda ilə “Sumqayıt” arasında baş tutan oyundan sonra qonaqların özbəkistanlı hücumçusu Bobir Abdixalikovla müsahibənin bir neçə sualı əhatə edəcəyini düşünsəm də, həmsöhbətimin ünsiyyətcil olması dialoqun maraqlı alınmasını şərtləndirdi.

(əvvəli bu linkdə - https://www.sportinfo.az/idman_xeberleri/sumqayit/217269.html)

- 2025-ci ildə Azərbaycan klubları birdən-birə üç özbəkistanlı futbolçu ilə müqavilə bağladı. İkisi “Sumqayıt”dadır, digəri “Sabah”da. Səncə, özbəkistanlı futbolçulara tələbatın arxasında nə dayanır?

- Azərbaycan Premyer Liqası göz qabağındadır, bura maraq var. Son illər nə qədər futbolçu buradan Avropa və Asiya ölkələrinə üz tutub. Azərbaycanda yaxşı oynamaqla xaricdən təklif almaq mümkündür. “Qarabağ”, “Zirə”, “Sabah”, “Turan Tovuz” və adlarını unutduqlarım çox yaxşı komandalardır.

- Sualı anlamadın deyəsən (təkrar edirəm).

- Məncə, burada milli komandalar səviyyəsində son illərdəki uğurların böyük rolu var. Özümlə bağlı danışmağım doğru olmaz. Onu deyə bilərəm ki, “Sumqayıt”dakı komanda yoldaşım Casurbek Caloliddinov və “Sabah”da çıxış edən Umarali Raxmonaliyev çox keyfiyyətli futbolçulardır. Hər ikisi ölkə futbolu tarixində ilk dəfə Paris Olimpiadasında çıxış etdi. Yəni Azərbaycana gələn futbolçular yaxşı mənada seçilən oyunçulardır. Dünya çempionatına vəsiqə qazansaq, özbəklərə daha çox diqqət olacaq.

- Özbəkistan futbolunun yüksəliş trayektoriyası necə cızıldı? Neçə il vaxt aldı? Bunun üçün nələr edildi?

- İlk növbədə uşaq futboluna ayrılan diqqəti qeyd etməliyəm. İllər öncə bu sahəyə böyük yatırım edildi, meydanlar salındı, turnirlər təşkil olundu. Uşaq futbolu gələcək üçün yatırım deməkdir. Bu gün Özbəkistan millisi dünya çempionatına vəsiqəni arzulayır və buna yaxındır. Dörd oyunumuz qalıb, ikisini udsaq, vəssalam. Bu yerlərə gəlib çıxmağımızda uşaq futboluna ayrılan diqqət və orada yetişən futbolçuların böyük rolu oldu. Gənclərlə işləmək, onlara şans vermək mütləqdir.

- Azərbaycanda ən məşhur özbək futbolçu Bahodir Nasimovdur. Vaxtilə “Neftçi”nin formasını geyinib, bombardir olub. Tanıyırsan onu?

- Əlbəttə, tanıyıram. Özbəkistan çempionatında bir-birimizə rəqib qismində çıxış etmişik. Yaxşı futbolçudur, vaxtilə millimizin əsas oyunçularından sayılırdı.

- Azərbaycandan təklif alanda Bahodirlə danışdın?

- Düzünü desəm, yox. Çünki şəxsi münasibətimiz yoxdur, həm də aramızda yaş fərqi var. Casurbek “Sumqayıt”a məndən əvvəl gəlmişdi deyə, dərhal onunla əlaqə saxladım, məlumatlar topladım. Dedi, yaxşı komandadır, maraqlı və gərgin çempionatdır, gəl. Özüm də bəzi videolara baxandan sonra şübhəm qalmadı.

- Özbəkistanlılar üçün burada yaşamaq çətin olmamalıdır.

- Qətiyyən çətin deyil. Əksinə, xoşdur. İnsanlar demək olar eynidir. Mehriban, gülərüz, qonaqpərvər. Bayaq dediyim kimi, komandaya qoşulduğum ilk gündən özümə qarşı sevgi gördüm və hələ də görməkdəyəm. Hətta bir neçə oyunda qol vurmasam belə, yenə sevgi hiss edirdim. Səmimi sözümdür, Azərbaycanda olmaqdan zövq alıram.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi