
Özbəkistan futbolu son illərdəki inkişafına görə yaxın qonşularını mat qoyub.
Bu ölkəni təmsil edən Abdukodir Xusanov “Mançester Siti”nin, Eldor Şomurodov “Roma”nın, Abbosbeki Fayzullaev Moskva ÇSKA-sının uğurları üçün tör tökür.
Özbəkistanın futbol üzrə milli komandası isə gələn il Amerika qitəsində keçiriləcək dünya çempionatının bir addımlığındadır.
Tovuzda yerli komanda ilə “Sumqayıt” arasında baş tutan oyundan sonra qonaqların özbəkistanlı hücumçusu Bobir Abdixalikovla müsahibənin bir neçə sualı əhatə edəcəyini düşünsəm də, həmsöhbətimin ünsiyyətcil olması dialoqun maraqlı alınmasını şərtləndirdi.
- “Turan Tovuz”u hansı komponentlərdə üstələməyi bacardınız?
- İlk növbədə onu deyim ki, “Turan” çox yaxşı komandadır. Müdafiəçiləri fiziki cəhətdən hazırlıqlıdır, ayrı-ayrı futbolçuların keyfiyyəti yüksəkdir. Bu gün əsl dostluq və ailə birliyi göstərdik. Bir-birimiz üçün döyüşdük, qol buraxsaq da, ruhdan düşmədik. Əzmkarlığın sayəsində qalib gəldiyimizi deyə bilərəm.
- Oyun başlamamışdan bu cür sonluq gözləyirdin?
- Rəqibin kimliyindən asılı olmayaraq hər bir futbolçunun arzusu 3 xaldır. Bura məhz qələbə dalınca gəlmişdik, niyyətimiz “Turan”ı məğlub etmək idi. Bəzən istədiklərini həyata keçirə bilmirsən, ya da rəqib sənə imkan vermir deyə uduzursan. Ancaq bu gün çalışdıq, döyüşdük və istəyimizə çatdıq.
- Yeni komandada özünü necə hiss edirsən?
Baş məşqçimizə sonsuz təşəkkürümü bildirirəm. “Sumqayıt”a gəldiyim ilk gündən mənə inanıb və bu gün də inanır. Mən də öz növbəmdə faydalı olmağa ç- alışıram ki, qol vurum, qol ötürməsi verim. Komanda yoldaşlarıma da “çox sağ olun” deyirəm. Bura gələndən məni özlərinə doğma bildilər, qapılarını açdılar. Bu qədər dəstək görməsəydim, bəlkə də mənim üçün çətin olardı.
- Yeri gəlmişkən, “Turan Tovuz”un qapısından keçirdiyin qələbə topu həm də Azərbaycanda vurduğun ilk qol kimi yadda qaldı.
- Neçə oyundur qol vurmaq istəyirdim. Yaxşı imkanlarım da olurdu, ancaq top qapıdan keçmək istəmirdi. Baş məşqçimiz mənə güvənirdi, deyirdi, sən bunu bacaracaqsan. Əlhəmdülillah, qolsuzluq tilsimini qırıb fərqlənməyə nail oldum. Bundan sonra da “Sumqayıt”a fayda vermək üçün əlimdən gələni edəcəyəm.
- Özbəkistan millisinə dəvət olunmusan. Təklif olacağını gözləyirdin?
- Əvvəlki toplanışlarda da yığma komandaya çağırıldığım üçün dəvətə təəccüblənmədim. Əksinə, gözləyirdim. Qarşıda bizi iki vacib oyun gözləyir. Qələbə qazansaq, inşallah, DÇ-2026-ya vəsiqə qazanacağıq. Əlimizdən gələni edəcəyik.
- Azərbaycan çempionatının səviyyəsini yüksək qiymətləndirmək olar?
- Şəxsən çox bəyənirəm. İnanılmaz dərəcədə rəqabət var. Komandalar xal etibarilə bir-birinə çox yaxındır.
(davamı olacaq))
HƏBİB / SPORTİNFO.AZ