(1).jpg)
“Sumqayıt” uğursuz nəticələri sıralayınca baş məşqçi Vaqif Cavadov radikal dəyişiklərə getməyə qərar verdi.
Başqa çarə qalmamışdı.
Artıq sonuncu pillə qapıda idi. Vəziyyəti düzəltmək üçün nələrisə dəyişmək mütləq gərəkirdi.
Gənc mütəxəssisin qərarlarından biri milli komandamızın da üzvü olan Mehdi Cənnətovu ehtiyat skamiyaya göndərib, əvəzində gənc qolkiper Xəyal Fərzullayevi start heyətdə meydana buraxmaq oldu.
Burada əsas məqsəd topu oyuna daxil edərkən çərçivə qoruyucusunun ayaqla daha çox oynaması xüsusi rol oynayır. Cavadovun sistemində qapıçının bu özəlliyə sahib olması vacibdir.
Mehdinin isə ən zəif nöqtələrindən biri budur. Ayaqla oynamaqda bir o qədər maraqlı deyil. Daha çox uzun ötürmələrə üstünlük verir. Bu da əksər halda topun rəqibə qismət olmasına yol açır.
Görünür, məhz bu amil seçimin 19 yaşlı futbolçunun xeyrinə edilməsinə yol açıb.
Kifayət qədər riskli qərar idi. Axı Cənnətov həm təcrübəli qapıçıdır, həm də komandanın önəmli fiqurlarından biridir. Ötən mövsüm yaxşı performansı ilə hətta milli komandanın bir nömrəsinə çevrilə bilmişdi. Bir anda belə birini hesabdan silmək asan qərar sayıla bilməz.
Artıq üç oyundu Cavadov qərarında haqlı kimi görünür. Xəyal "Qarabağ", "Kəpəz" və "Turan Tovuz"la görüşlərdə həm çərçivədəki yaxşı çıxarışları ilə yadda qaldı, həm də arxa xətdən topun dəqiq ötürmələrlə önə daşınmasına birbaşa vasitəçi oldu.
Qalır bunu sabitliyə çevirməsi.
XANOĞLAN İMANOV