
“Sumqayıt”ın Premyer Liqadakı qolsuz oyunlar seriyası qırılıb.
Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi XXVI turun “Kəpəz”lə matçında (3:0) rəqib qapısına yol tapıb.
Vaqif Cavadovun yetirmələri bunadək ardıcıl 9 çempionat görüşündə (daha ikisi kubokda) qol vurmamışdı. Sumqayıtın eyniadlı klubu sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Neftçi” ilə ev qarşılaşmasında (2:0) fərqlənmişdi.
Cordan Rezabalanın 43-cü dəqiqədəki qolundan sonra “Sumqayıt” “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və “Qarabağ”la (0:2) üz-üzə gəlib.
Həmin topdan 92 gün sonra 876 dəqiqəlik seriyaya Roi Kehat son qoyub. Ardınca dublunu da rəsmiləşdirən 33 yaşlı israilli yarımmüdafiəçi Premyer Liqada 10-cu qolunu vurub. O, 59 matçda buna nail olub.
Bu, Azərbaycan çempionatları tarixində ən uzun qolsuz oyunlar seriyasında 2-ci göstəricinin təkrarıdır. Antirekord 2015/16 mövsümündə ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”a məxsusdur.
2001/02 və 2003/04 mövsümlərini əhatə edən müddətdə 9 oyun qol vurmayan “Dinamo” (sonrakı “Bakı”) “Sumqayıt”la eyni seriya yaşayıb.