
Premyer Liqanın 26-cı turunun prinsipial görüşlərindən biri Sumqayıtda keçiriləcək.
"Sumqayıt" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Hər iki tərəf elitada qalmaq uğurunda mübarizə aparır.
Ötən tur "Neftçi"ni məğlub edən qonaqların düşərgəsində ab-hava yüksək səviyyədədir.
Amma meydan sahibləri ilə bağlı vəziyyət ürəkaçan deyil.
"Kimyaçılar" 11 görüşdə nə qələbə qazana bilir, nə də qol vura bilir.
Finala bərabər qarşılaşma "Sumaqayıt" üçün dönüş nöqtəsi ola bilərmi?
Cinah müdafiəçisi Sərtan Taşkın Sportinfo.az-a açıqlamasında buna çox ümid etdiklərini dilə gətirib:
"Hər oyuna qələbə üçün çıxırıq. Lakin bu görüş bizim üçün xüsusi olacaq. Əlbəttə, vəziyyətdən çıxmaq istəyiriksə qələbə qazanmalıyıq. Yalnız bu haqda düşünürük.
Müdafiəçi dar gündə azarkeşləri də köməyə çağırıb:
"Azarkeşlərimiz məyusdur. Bizdən qələbə gözləyirlər. Ümid edirəm ki, bu dəfə qələbə ilə onları sevindirəcəyik. Bizdən üz döndərməsinlər, dəstək nümayiş etdirsinlər. Hazırkı vəziyyətə görə biz də xoşbəxt deyilik".
XANOĞLAN