Amin də sənə qol vurursa... Butsları vızıldadın Xəzərə!

1 Mart 20:40 Sumqayıt 1 215
Amin də sənə qol vurursa... Butsları vızıldadın Xəzərə!

Stadiona daxil olan kimi səni hər yerdə cəlbedici sloqan salamlayır - Böyük şəhərin tək komandası.

Divarın, şüşənin, avtobusun, plastmasın üzərinə yapışdırıblar. Hətta jurnalistlərin bundan xəbəri olması üçün konfrans otağına da yerləşdiriblər.

Arena, ərazi, insanların tribunalara tərəf yön alması, 5 kilometrdən görünən projektor işıqları – hər şey o dərəcədə mükəmməldir ki, həqiqətən də Sumqayıtda futbol cənnətinə düşdüyünü düşünürsən.

Çətini oyun başlayana kimidir. Cəmi 5 dəqiqədən sonra dərk edirsən ki, bu, elə dildə deyildiyi kimidir – Böyük şəhərin tək komandası.

Böyük şəhərin böyük komandası yox ha, tək komandası. Bəli, məhz tək.

Çünki bu komanda orada çalışanlardan, fan-klubda yer alanlardan və vaxtını stadionda öldürməyi hədəf seçənlərdən başqa heç kimə lazım deyil. Sayları nə qədərdir? Uzaqbaşı 200-300 nəfər.

Bir də ki, niyə lazım olsun? Dünyada nə qədər lazımsız legioner var, “Sumqayıt”a yığılıb. Momo, Bobir, Miloş, nə bilim, “kitayski” Ronaldo. Sanki “20 Yanvar”dan keçən xariciləri “manatlıq” taksilərə doldurub gətiriblər “Mehdi Hüseynzadə”yə.

Bu futbolçularla nə edə bilərsən? Hara qədər gedə bilərsən?

Vaqif Cavadov yaxşı futbolçu olub, səmimi insandır, məşqçiliyi də pis bilmir, həvəslidir, işləməkdə maraqlıdır. Bu futbolçularla uzağa getməyin mümkün olmadığını bilə-bilə hələ də postundan ikiəlli yapışırsa, deməli, zəmanə dəyişib, dövr əvvəlki deyil. Ya da mən nəyisə düz bilmirəm.

“Zirə”ylə matçda guya “Sumqayıt”ın oyunu alınmamışdı, “Neftçi”ylə qarşılaşmada guya hakim qərəzli davranmışdı. Bəs, “Sabah”dan buraxılan 4 cavabsız top? Rəqibi önündə cəmi bir hissə tab gətirən “böyük şəhərin tək komandası” fasilədən sonra “başını atıb yatdı”.

Ömrünün yarısını ehtiyatda keçirən Anatoli Nuriyev 30 metrdən uzaq küncü dəqiq nişan alır, Amin Seydiyev başla baxımlı qola imza atır. Amin Seydiyev e, ay kişi.

Futbolu nə üçün oynadığını, meydanda nə etdiyini yalnız özü bilən Seydiyev mənim qapıma o cür qol vursa, butslarımı elə o stadiondan vızıldadaram Xəzərə, gedib özümə başqa iş taparam.

“Sumqayıt” 10 oyundur qələbə qazana bilməməyi bir tərəfə, heç top da vura bilmir. Səhv etmirəmsə, klubun 15 illik tarixində ilkdir. Bir ara avrokubok zonasına yaxın olan komandanı indi sonuncu pillədən 4 xal ayırır.

Möcüzə baş verməsə, “böyük şəhərin tək komandası” 2-3 həftədən sonra turnir cədvəlinin “quyruğunda” yer alacaq. “Konfet” kimi futbol göstərən “Səbail”in orada nə işi var?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu