
«Açığı, biz onunla yeni müqavilə imzalamaq istəyirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.
«Gənclik şəhəri» təmsilçisi öz yetirməsi olan Səbuhi Abdullazadə ilə vidalaşmaq niyyətində deyil. Yarımmüdafiəçiyə yeni müqavilə təklif olunub.
24 yaşlı orta sahə oyunçusu bu çağırışı məqbul sayarsa, onunla əməkdaşlığın müddəti daha 3 il uzadılacaq.
Üstəlik, sumqayıtlı gəncin məvacibində də artım qeydə alınacaq. Təqribən 4000 manatın üstündə əməkhaqqı alacaq.
Press-ateşe bildirib ki, hazırda davnışıqlar davam edir:
«Biz tərəfdən ona təkliflər var. Yəqin ki, Səbuhinin də öz istəkləri olacaq.
Ümid edirik ki, qarşıdakı müddətdə məsələ həll olunar. Ən pis halda yayda bir şəkildə bu məsələyə nöqtə qoyulacaq. Ya elə, ya belə.
Rəhbərliyimizin Səbuhiyə münasibəti hər zaman normal olub. İndi də elədir.
Ona heç vaxt təzyiq edilməyib ki, gəl, mütləq yeni müqavilə bağla. Komandamızın aparıcı oyunçularından biridir.
Son vaxtlar ara-sıra əsas heyətdən kənarda qalmasının başqa səbəbləri var.
Baş məşqçimiz Vaqif Cavadov kim daha hazırlıqlıdırsa, ona da şans verir. Həmçinin rəqibləri nəzərə alır.
Odur ki, istənilən futbolçu bu şansı ala da bilər, almaya da bilər. Konkret «Neftçi» ilə son oyuna gəlsək,
Səbuhinin iki gün məşqdə iştirak etmədiyini söyləməliyik. Bir az xəstələnmişdi».
Abdulladlazənin kayerası «Sumqayıt»la bağlıdır. Hazırda onun bir neçə real müştərisi var. elçilərin başında Samir Abasov gəlir.
«Kimyaçılar»ın sabiq çalışdırıcısı onu «Neftçi»yə aparmaq üçün bütün əlaqələrini işə salıb.
Keçmiş baş məşqçisinin ona daha çox maaş təklif eləməsi səbəbindən, o, «gənclik şəhəri» təmsilçisinin müqaviləni uzatmaq istəyinə bugünədək konkret cavab verməyib.
Səbuhi mövsümün bitməsini gözləyir. Çünki mövcud kontraktı iyunadək qüvvədədir.