Qurbanov əlini sıxan şəxsin üzünə baxmağa utandımı?

11:40 Sumqayıt 2 121
Qurbanov əlini sıxan şəxsin üzünə baxmağa utandımı?

«Sumqayıt»ın Premyer Liqada qələbə və qol həsrəti 8 oyuna çaidı.

Kuboku da bura əlavə etsək, 9 matçıdr ki, meydandan «quru» ayırılırlar.

Bu mənfi tendensiya «Neftçi» ilə qarşılaşmadan da yan ötmədi. Liqada sonuncu qələbəsini ikinci dövrədə elə «Neftçi» üzərində qazanmış Vaqif Cavadov dünən axşam bir xeyli pərişan göründü.

«Ah»-«uf» etmədi a, birbaşa ahu-fəğan etdi. Hakimlərin idarəçiliyindən dad döydü.

Adını çəkməsə də, Tural Qurbanovu sözüylə ağ yuyub, qara sərdi, onun ədalət prinsiplərinə arxa çevirdiyini, onlara münasibətdə haqsız davrandığını dedi.

Deməyində həqiqət payı var, az deyil. Referi nəticəyə təsir göstərən səhvə yol verdimi, verdi.

77-ci dəqiqədə Casurbek Caloliddinov özünü qəsdən yerə atmamışdı, Mustafa Sek ayağını tapdalamışdı.

Baş hakim bu epizodda «davam» işarəsini göstərməklə, özünü «yandırdı».

Özbəkistanlı legioner simulyasiya etmişdisə, Qurbanov ona sarı vərəqə göstərməyə borclu idi. Bunu VAR kameryasına baxaraq da edə bilərdi.

Di gəl, referi nə Casurbekə, nə də VAR kamerasına yaxın getdi.

Vaqif Cavadov final fiti çalınan kimi paltardəyişmə otağına səmt salmadı, meydana daxil oldu, briqada üzvlərinin əlini sıxdı. Yolüstü onlara bir-iki söz dedi.

Tural Qurbanov üzünə baxmadı əlini sıxan adamın. Göz gözdən utanar.

Qurbanov «Sumqayıt»ın haqqına girdiyini daxilən bilirdi, yenə də özünü o yerə qoymadı. Ümumən, maraqlı mənzərə idi.

Hakimlərin «Sumqayıt»a bəslədiyi münasibət fərqlidir. Simpatiya bəsləyənlər olduğu kimi, antipatiya ilə yanaşanları da sezməkdəyik.

Tural Qurbanov ikinci kaeqoriyaya daxildir.

Klubla nə problemi olub, bilmirik. Amma onu bilirik ki, «Sumqayıt»ın futbolçuları bu problemin əziyyətini çəkən tərəfdir.

«Sumqayıt» dünən yeni ilin ən döyüşkən oyununu oynadı. Bundan əvvəlki qarşılaşmaların heç birində qələbəyə bu qədər yaxın olmamışdılar.

Qardan tam təmizlənməmiş meydanda, şaxtalı havada 90 dəqiqə var qüvvələri ilə mübarizə apardılar. Heç olmasa, 1 xala layiq idilər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti