
"Sumqayıt" 8 oyundu qələbə üzünə həsrətdir.
Bundan pisi komandanın arxada qalan 8 matçda 1 qol belə vura bilməməsidir.
"Sabah", "Araz Naxçıvan"la matçlardakı qolsuz heç-heçələri yazaq "kimyaçılar"ın aktivinə.
Bəs "Səbail"ə, "Şamaxı"ya məğlubiyyətə nə söz?
"Kəpəz"ə qol vura bilməməyin adını nə qoyaq?
Daha da pis olanı bilirsiz nədir?
Ortada sabaha ümid verən oyun da yoxdur.
Şamaxı səfərində 1 hissə normal futbol oynayan "kimyaçılar" "Zirə" önündə heç nə ilə yadda qalmadı. 90 dəqiqə qonaq komandanın qapısına normal bir zərbə getmədisə, daha nəyin müzakirəsini aparasan?
Gənc mütəxəssis gedişata nə fasilədə, nə də gedişatda müdaxilə edə bilmədi.
Nəticədə "qartallar" çətin görünən səfərdə asanlıqla qələbə qazandı - 3:0.
Ən qəribəsi odur ki, baş məşqçi Vaqif Cavadov yetirmələrindən yenə razıdır.
Niyə? Nə səbəbə?
Sumqayıt təmsilçisi uçurumun kənarında yox, artıq içindədir. Gənc mütəxəssis gah rəqibin sevincini özünə dərd edir, gah da kiminsə bədduasını. Olmaz bu kimi şeylərə zaman xərcləmək.
Cavadov zərərli fikirləri ilə bərabər, ilk başdakı qələbələrin də eyforiyasından ayılmalı, nələrisə düzəltməldir.
Əks halda, gördüyü iş bir atımlıq barıt təsiri bağışlayacaq.
Həm də "Sumqayıt" qışa qədər Samir Abasovun qoyub getdiyi "baqaj"la çıxış edirdi" fikri öz həqiqətinə çatmış olacaq.
XANOĞLAN İMANOV