
"Təbii ki, mən təkbaşına qalib gələ bilmərəm".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yeni transferi Momo Yansane deyib.
"Kimyaçılar" Premyer Liqanın son 6 turunda rəqib qapılarına yol tapa bilməyib.
Dərdə dərman olmaq üçün gətirilən qvineyalı hucumçu bunun səbəblərini belə izah edib:
"Biz hər oyunda qalib gəlmək istəyirik. Ona görə də baş məşqçinin tapşırdığı taktika üzrə oynayırıq.
Yaxşı qol imkanlarımız olur. Bir çox real fürsətləri əldən veririk.
Təəssüf ki, şans hələ bizimlə deyil. Bundan sonra da performansımızı yüksəltmək üçün çalışacağıq.
Növbəti matçlarda daha yaxşı olacağıq. Açığı, özüm də Azərbaycanda qol hesabımı açmağa səbirsizlənirəm ".
"Kimyaçılar" Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 27 yaşlı afrikalı Gürcüstandan - "Torpedo"dan (Kutaisi) transfer olunub.
Momo karyerası boyunca "Torpedo" ilə yanaşı, "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda tər töküb.
Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb. Karyerası ərzində 170 oyuna çıxaraq, 53 qol vurub və 21 qolun ötürməsini edib.