![O, ümid verir - Sürəti belə saxlasa...](https://www.sportinfo.az/media/2025/02/04/__sumqayt__-__araz-naxvan__matndan_fotolar___sumqaytfk__sumgaitfc__bykhrintkkomandas_0(hec).jpg)
Yeni nəsil gənc məşqçilərdən biri də Vaqif Cavadovdur.
O, ilk gündən ağırlığını ortaya qoymaqdadır.
"Araz Naxçıvan"la son oyunda bir daha gördük ki, "Sumqayıt" onun başçılığı altında kifayət qədər mübariz oyun göstərir.
Düzdü, qış fasiləsindən sonrakı ilk oyunda "Səbail"ə məğlubiyyət xoş qarşılanmadı. Nəticə ilə bərabər oyun da ürəkaçan deyildi. Belədə narahatlıq normal idi.
Amma ötən tur iddialı "Sabah"ı büdrədən Sumqayıt təmsilçisi bu dəfə mövsümün komandası sayılan "Araz"a boyun əymədi.
Onun komandası liderlər qrupunda yer alan rəqibindən ciddi mənada nədəsə geri qalmadı.
Əksinə, ilk hissə daha üstün tərəf idi.
Hətta Rövlan Muradov 10-cü dəqiqədə penalı dəqiq yerinə yetirsə, bəlkə də görüşdən 3 xalla ayrılan tərəf meydan sahibləri olacaqdı.
Görüşdən sonra Cavadovun həmkarı Elmar Baxşıyev də onun haqqında xoş fikirlər səsləndirdi. "Kimyaçılar"ın dinamik, döyüşkən oyununu xüsusi vurğuladı.
Gənc mütəxəssis hələ yolun lap əvvəlindədir. Sürəti belə saxlasa, yaxın gələcəkdə bir xeyli məsafə qət edə bilər.
XANOĞLAN İMANOV