![Cavadov legionerə sərt üzünü göstərdi - "Otur yerinə!!"](https://www.sportinfo.az/media/2025/02/03/picture_1738598902045.png)
Vaqif Cavadov "Sumqayıt"ın başına keçdiyi ilk gündən nizam-intizama ciddi diqqət etməsilə seçilir.
Gənc mütəxəssisin "Turan Tovuz"la debüt matçında onun tələblərini pozan Cordan Rezabalanı anında meydandan alması yaddan çıxmayıb.
Komandanın liderini fasiləni gözləmədən meydandan almaq sıradan hadisə deyildi.
Bu dəfə "kimyaçılar"ın bir başqa legioneri onun qəzəbinə tuş gəlib.
Söhbət Tresor Mossidən gedir.
Premyer Liqanın 21-ci turunun "Araz-Naxçıvan"la qolsuz bərabərliklə bitən görüşün 70-ci dəqiqəsində 23 yaşlı yarımmüdafiəçiyə oyuna daxil olmaq tapşırığı verildi.
Afrikalının ləng hərəkətlərini görən Cavadov ona bərk qəzəbləndi.
Bununla da kifayətlənməyən çalışdırıcı hər kəsin eşidəcəyi tonda yenidən ehtiyat skamiyada oturmasını tapşırdı.
Orta sahə oyunçusu səhvini başa düşdüyü üçün səssizcə yerinə keçdi.
Yalnız 8 dəqiqədən sonra əsəbləri sakitləşən mütəxəssis Mossinin meydana daxil olmasına şərait yaratdı.
Bəlkə də futbolçunun başverənlərə sakit yanaşması baş məşqçinin qərarı dəyişməsində xüsusi rol oynadı.
XANOĞLAN / SPORTİNFO.AZ