«Sumqayıt» Samir Abasovun bəyəndiyi legionerləri bir-birinin ardınca geri göndərir.
Fernando Medeyros, Rəhim Sadıxov, Kristian Velinovski və Nikola Vuynoviçlə yollar daha öncə ayrılmışdısa, bu gün də Jordan Rezabalanın burada qalmayacağı dəqiqləşdi.
Güman ki, ekvadorlu ayrılıq qatarının sonuncu sərnişini olmayacaq, daha 1-2 nəfər qarşıdakı günlərdə düşərgəni tərk edəcək.
Vaqif Cavadov «boşalıb-dolan» komandayla mümkün qədər xal toplamaq, təhlükəli zonadan uzaqlaşmaq istəyir. Hələlik ondan tələb olunan yalnız budur - mövsümü orta sıralarda başa vurmaq.
«Sumqayıt» son iki turda iki iddialı ilə üz-üzə gəldi. Masazırda «Sabah»la 0:0 qaldılar, evdə «Araz-Naxçıvan»dan 1 xal qopardılar.
İlk hissədə Rövlan Muradov penalti epizodunu qola çevirə bilmədi və «Sumqayıt» bu fürsətin qaçmasıyla dəyişdi, təzyiqi azaltdı, yavaş-yavaş geriyə çəkildi, fasilədən sonra isə üstünlüyü tamamilə rəqibə qapdırdı.
Vaqif Cavadov Samir Abasovun seçimi olan əksər futbolçulara indi bir elə bel bağlamır. Odur ki, qışdan sonra açıq oyun modelindən tədrici surətdə imtina etməyə başlayıb.
Daha əvvəlkitək risk almır, ehtiyatlı tərpənir. «Qorxan gözə çöp düşər» misalı yenə ondan uzaq.
Amma deyəsən, «Səbail»ə məğlubiyyət ona yaman dərs olub.
ELXAN