"Sumqayıt" Premyer Liqanın 20-ci turunda "Sabah"la qolsuz bərabərliyə razılaşdı.
Qonaq meydanında keçirilən matç "Kimyaçılar"ın üzvü Nadir Orucov üçün xüsusi əhəmiyyət daşıyırdı.
Belə ki, klubun 18 yaşlı yetirməsi ilk dəfə əsas komandada debüt etdi.
Xoşbəxt görünən Nadir matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Qarşılaşma necə keçdi?
- Hər iki tərəf üçün vacib matç idi. Bəzi itkilərimiz olmasına rəğmən, "Sabah"dan geri qalmadıq.
- Debüt matçın kimi tarixə düşdü. Nə hislər keçirdin?
- Bu anı çoxdan gözləyirdim. Vaqif müəllimə verdiyi şansa görə minnətdaram. Özümü xoşbəxt hiss edirəm. Bundan sonra da güvənəcəyi hər dəqiqə oynamağa hazıram.
- Baş məşqçi haqqında müsbət fikirlər səsləndirdi. İlk gündən ümidləri doğrultduğunu demək olar?
- Bəli. Əlimdən gələni etdim ki, güvəni boşa çıxmasın. İlk oyun üçün ümidləri doğrultduğmu demək olar.
- Aşağı yaş milli komandalara dəvət almısan. Premyer Liqada debüt etməyin əsas milli yolunda böyük təkan ola bilər?
- Düşünürəm ki, əsas millidə oynamaq üçün öncə "Sumqayıt"ın heyətində davamlı meydana çıxmalı, özümü təsdiqləməliyəm. Bunu bacarsam, milli komandanın məşqçilərinin də diqqətini çəkəcəm.
- Özün də gəncsən. Səncə, gənc yerli futbolçuların Premyer Liqada davamlı oynamaları üçün nəyə ehtiyacı var?
- Bunun üçün çoxlu məşq etməliyik. Premyer Liqa U-17, U-19 və ya Əvəzedici Liqa deyil. Burada məsuliyyət daha artıqdır. Peşəkar futbolçulara qarşı mübarizə aparmalı olursan.
XANOĞLAN İMANOV