«Sumqayıt»ın futbolçuları Vaqif Cavadovu baş məşqçi təyin olunması münasibətilə «təbrik etdi».
2025-ci ilin başında 2,5 illik müqavilə imzalamış gənc çalışdırıcı, yəqin ki, bu hadisənin üzüntüsünü hələ uzun müddət yaddaşından silib ata bilməyəcək.
Futbolçuları ona da əzab verdi, «Səbail»ə də. Cavadov belə olacağını bilsəydi, bəlkə də heç komandanı meydana buraxmazdı.
Oyundan qabaq rəqibə deyərdi ki, özünüzə əziyyət verməyin, alın bu 3 xalı, qoyun başınızın altına.
«Sumqayıt» 90 dəqiqə futbolun «f»sını oynamadı. İlk dəqiqədən ta doxsanıncı dəqiqəyə kimi yuxudan oyanmadılar.
Yalnız artırılmış 5 dəqiqə ərzində yadlarına düşdü ki, bəs uduzuruq, pressinq etməliyik, qol vurmalıyıq.
Utanmazın utanc hissi keçirməsi belə olur: over-taymda «Səbail»i meydanın onlara aid hissəsinə sıxdılar, Əlirza Müştəbəzadə qapıda əla dayandı.
Ötən mövsümün ikinci yarısında «Difai»də sərgilədiyi inamlı çıxışla futbol səhnəsinə qayıdan «Neftçi»nin yetirməsi «1 nömrə» olmağa layiq olduğunu sübuta yetirdi.
«Səbail»də 11 nəfərin 11-i də öz işinin öhdəsindən əla gəldisə, «Sumqayıt»dan bir tək Mehdi Cənnətovun adını çəkməliyik. Mehdi iki qol buraxsa da, hardasa 3-4 epizodda komandasını xilas elədi.
Qalanları? Vaqif Cavadov qoy onları «məşhər ayağı»na çəksin. Qulaqlarından yapışıb, ortalığa gətirsin.
Cərimələsin.
Nə edir, etsin. Ancaq etsin, mütləq! Bunların ağzı isti yerdədir, ağılları isə orada-burada.
ELNUR