
Düzdür, başqasının bədbəxtliyinə sevinmək düz deyil, amma futbolda bunsuz ötüşmək olmur.
Biri elə «Sumqayıt».
Bu klubun rəhbərliyi əlini göyə qaldırıb dua etməlidir ki, son həftələrdə qeyri-adi hadisə baş verməsin, «Səbail» uduza-uduza getsin.
Əşşi, bu nə oyundur, bu nə komandadır..? Vaqif Cavadov, Allah bilir, yenə neyləyib, «Sumqayıt» «ləpiş» gündədir.
Məğlubiyyət sindromu yenidən komandanın başının üstünü kəsdirib. Cəmi bir hissə futbol oynayırlar. Qol imkanlarından çox pis istifadə edirlər.
«Şamaxı»nın kitabını elə fasiləyədək bağlamaq olardı. Roi Kehatın erkən qolunun davamını gətirmək üçün hər cür imkan yarandı, faydalanmadılar.
Topu hara gəldi vurdular, bir qapıdan savayı.
Sonra…
Sonra da ki, bir-birləriylə mübahisə etməyə başladılar. Axı bu, nədir, niyə belə olmalıdır? Vaqif Cavadov da deyir, futboldur, olan şeydir.
Bunlar meyxanaçı deyil, deyişsinlər.
Bunlar kriminal ünsrlər deyil, «atışsınlar».
Bunlar məhkəmə zalında üz-üzə dayanan təqsirləndirilən şəxs və zərərçəkmiş deyil, dilləşsinlər.
Bunlar adi futbolçudur, futbolçunun da işi meydandadır, orada qol vurmaqdır, nəticə qazanmaqdır.
«Sumqayıt»da bir nəfər bu sadə həqiqəti anlamır, anlamaq istəmir. Elə bil, kimin içində nə kin-küdurət, pis söz var, onu boşaltmaq üçün meydana çıxır.
Müşahidələrimiz göstərir ki, baş məşqçi ilə komanda arasında münasibətlərdə dərin uçurum əmələ gəlib. Ağız deyəni qulaq eşitmir.
Qoy mövsüm bitsin, rəhbərlik seçim etməlidir - ya biri, ya heç biri.
ELNUR