"Sumqayıt" Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ" 0:5 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ümid edirəm ki, oyun haqda danışanda məni yaxşı başa düşəcəksiz. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibi təbrik edirəm. Bu, bizim üçün bir təcrübədir. Yuxarı pillələr uğrunda oynamaq üçün daha çox işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq, komandamdan razıyam. Fərdi səhvlər oldu. Bu, futboldur. Rəqib çox üstün idi. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracağıq. Qarşıda "Kəpəz"lə çətin səfər oyunu var. Yaxşı hazırlaşmaq üçün vaxtımız var.
- Rəşad Əzizliyə niyə şans vermirsiz?
- Rəşadla heç bir problemim yoxdur. Mən gələndə komandaya yeni qoşulmuşdu. Ondan əvvəl ikinci qapıçı Xəyal Fərzullayev idi. Hər üç qapıçıya çox güvənirəm. Şans yaransa, Rəşad da, Xəyal da meydanda olacaq.
- Müvəqqəti baş məşqçi təyin olunmusuz. Müqaviləniz barədə məlumatımız yoxdur. Rəhbərliklə heyətlə bağlı müzakirələriniz olub?
- Müqaviləmin şərtlərindən heç mənim də xəbərim yoxdur. Mən öz işimi görürəm. Komanda uda da bilər, uduza da bilər. Bu gün bizim günümüz deyildi. İnanıram ki, növbəti matçlarda daha yaxşı olacağıq. Bu gün heyətimizdə 13 legioner futbolçu var. Bir-iki dəyişiklik edə bilərik. Amma ümumi olaraq yaya kimi bu futbolçularla davam etməliyik.