"Sumqayıt"ın yarımmüdafiəçisi Roi Kehat Premyer Liqanın 16-cı turunda "Neftçi"ni məğlub etdikləri (2:0) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.
- Qələbəni necə şərh edərdin?
- Böyük komanda işi gördük. Vacib qələbə idi. Qazanılan 3 xalla turnir cədvəlində vəziyyətimizi bir qədər də yaxşılaşdıra bildik.
- "Neftçi" üzərində qələbə qazanmağın sevinci sanki tam fərqli qeyd olunur. Bunun səbəbi nədir?
- “Neftçi” böyük klubdur. “Qarabağ”la bərabər ölkənin ən populyar iki kollektivindən biridir. Ona görə də böyük komandalar üzərində qələbə xüsusi anlar bəxş edir. Çünki oyuna əksər hallarda autsayder kimi çıxırıq.
- Son 7 oyunda qazanılan 4 qələbə vəziyyətinizi bir xeyli yaxşılaşdırıb. Avrokuboklar barədə düşünmək olar?
- Hesab edirəm ki, bu haqda danışmaq çox tezdir. Hazırda mövsümün ortasındayıq. Rəqiblərdən isə çox geridəyik.
- Ötən mövsüm komandanın ikinci məhsuldar futbolçusu idin. Bu mövsüm ötən mövsümkü kimi məhsuldar olmağına nə mane olur?
- İki oyunun son dəqiqələrində vurduğum qollar bizə 6 xal qazandırıb. Bu matçda da hər iki qolun ötürməsini verdim. Qollar və ötürmələr mənim üçün bonuslardır. Əsas olanı komandamın yaxşı oyun keçirməsidir.
XANOĞLAN İMANOV