Vaqif Cavadovun baş məşqçi postuna gəlişindən sonra “Sumqayıt” “ikinci bahar”ını yaşayır.
Böyük şəhərin tək komandası gənc çalışdırıcının rəhbərliyi altında meydana çıxdığı 5 oyunda 3 qələbə qazanıb, 2 matçda məğlub olub.
İndiki vəziyyətdə sumqayıtlı futbolsevərlər Cavadovun işindən və davranışlarından razıdır. Hətta millimizin keçmiş “7 nömrə”sini “Sumqayıt”ın xilaskarı rolunda görənlər də az deyil.
Vaqif Cavadov Samir Abasovu əvəzləyəndə, klubdan yeni baş məşqçinin bu postda müvəqqəti təyin olunması barədə məlumat verilmişdi.
Maraqlıdır, indiki durum necədir? Onunla yeni anlaşma əldə olunub, yoxsa yenə müvəqqəti xarakter daşıyır? Ümumiyyətlə, klub rəhbərliyinin Cavadovla bağlı planı nədir?
“Kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev Sportinfo.az-ın məsələ ilə bağlı sualını cavablandırıb:
“Vaqif Cavadov hazırda əsas komandaya müvəqqəti rəhbərlik edir. Baş məşqçi ilə bağlı hansısa şərt, hədəf, müddət qoyulmayıb.
Hazırda heç bir yekun qərar verilməyib. Hansısa yenilik olacağı halda klub tərəfindən rəsmi açıqlama bildiriləcək”.
Maraq üçün bildirək ki, 35 yaşlı mütəxəssis mövsümə “Sumqayıt-2”nin baş məşqçisi başlamışdı. Samir Abasovun “Neftçi”yə gedişindən sonra əsas komandaya dəvət olunub.
HƏBİB