"Sumqayıt"ın müdafiəçisi Ayxan Süleymanlı Premyer Liqanın 14-cü turunda "Şamaxı"nı məğlub etdikləri (2:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Qələbənin dəyərini necə şərh edərdin?
- Çox vacib qələbə idi. Turnir cədvəlində yerimizi yaxşılaşdırmaqdan əlavə, şəhərimiz üçün də xüsusi gün idi. Sumqayıt şəhərinin 75 yaşı tamam olurdu Bu da bizə əlavə motivasiya oldu. Şükürlər olsun ki, bacardıq. Qələbəni şəhərimizə, azarkeşlərimizə həsr edirik. Sağ olsunlar dəstək olmaq üçün yanımızda idilər.
- Artıq autsayderlər sırasından bir xeyli uzaqlaşa bilmisiniz. Avrokuboklar uğurunda mübarizəyə qoşulmağa özünüzdə güc hiss edirsiniz?
- Sevindiricidir ki, son oyunlarda xallar qazana bildik. Amma o demək deyil ki, autsayderlər sırasından tam olaraq uzaqlaşdıq və burada qalacağıq. Eyni şeyi rəqiblərimiz də edə bilər. Eyforiyaya qapılıb, avrokuboklara gedəcəyimizi desəm doğru olmaz. Vaqif müəllimin də tələb odur ki, maksimum bacardığımızı etməliyik.
- Vaqif Cavadovun baş məşqçi postuna gəlməsindən sonra üçüncü qələbəyə sevindiniz. Yeni baş məşqçi oyun planında nələri dəyişə bilib? Yüksəlişin sirri nədədir?
- Belə alınması hamımız üçün xoşdur. Vaqif müəllim çox tələbkar məşqçidir. Məndən də gözləntiləri böyükdür. Məşqlərdə və oyunda daha çox öndə oynamağı tələb edir. Biz də onun istəklərini maksimum yerinə yetirməyə çalışırıq.
- Növbəti turda baş tutacaq "Zirə" ilə oyundan gözləntilərin nədir?
- Oyuna eyni istəklə hazırlaşırıq. Məqsədimiz yenə qələbə olacaq. Necə olacağını zaman göstərər.
- "Zirə"nin son 6 oyunda cəmi 1 qələbəsi var. Bu məqam qələbə yolunda psixoloji baxımdan sizə nə dərəcədə kömək edə bilər?
- Belə şeylərə diqqət edən deyiləm. Siz qeyd etdikdən sonra faktla tanış oldum. Bu demək deyil ki, "Zirə" zəif komandadır. Futbolda belə hallar yaşanır. "Zirə" çox təcrübəli və təhlükəli komandadır. Onlarla oyunlarımız hər dəfə çətin keçir. Maksimum öz oyunumuza köklənmişik.
XANOĞLAN İMANOV