Ötən mövsüm Konfrans Liqasında ölkəmizi təmsil etmiş "Sumqayıt" yeni mövsüm heç də uğurlu start götürmədi.
İlk 3 turda aktivinə 2 qələbə yazdıran "kimyaçılar" ardınca 7 qarşılaşmada qələbə üzünə həsrət qaldı.
Nəticədə komanda turnir cədvəlinin zirzəmisinə kimi endi. Yalnız son iki turda əldə edilən qələbələr "Sumqayıt"ın vəziyyətini bir xeyli yaxşılaşdırmış oldu.
Görəsən, qısa müddətdə kollektivin bu qədər eniş yaşaması, uğursuzluq zolağından çıxa bilməməsi nə ilə bağlı idi?
Cəmi bir neçə ay əvvəl medalçılar arasında yer almaq uğurunda mübarizə aparan "Sumqayıt" niyə bu gün Premyer Liqada qalmaq barədə düşünür?
Komandanın kapitanı Elvin Bədəlov yerli publikaya məyusluq gətirən mənzərə barədə bunları deyib:
"Çətindir bu haqda danışmaq. Amma səbəblər də yox deyil. Heyət dəyişdi. Ardınca məşqçi dəyişdi. İndi çox şey fərqlidir. Hər şey sanki üst-üstə gəldi. Nəsə dəqiq bir şey demək çətindir. Məncə, istənilən halda günahı özümüzdə axtarmalıyıq. Hər şey ani olaraq dəyişdi. Vəziyyətdən çıxmaq çətin görünür. Amma çalışacağıq vəziyyəti düzəldək".
XANOĞLAN